Ay Vey Vey

elnur-astanbeyliElnur Astanbəyli elnurastanbeyli@gmail.com

Çinli məşhur konseptualist rəssam, memar, dissident Ay Vey Vey dünyanın müxtəlif ölkələrindən 20 siyasi məhbusun rəsmini öz Instaqram səhifəsindən paylaşıb, həmin siyasi məhbusların arasında bizim Məmməd Əzizov da var. Məmməd üç il öncə MTN-in NIDA-ya qarşı məlum və məşum repressiya əməliyyatı zamanı həbs edilib. Ona işgəncə ilə AzTV ekranına çıxarıb törətmədiyi cinayəti etiraf etdirənlərin özlərinin səsi indi dəmir barmaqlıqlar ardından gəlir, bir-birindən dəhşətli qanunsuz, yaramaz əməlləri dayanmadan ifşa edilir, hətta Ilham Əliyev onları reketlikdə belə suçladı!

Necə deyərlər, “alma məzlumun ahını, çıxar ahəstə-ahəstə”. Zülm ilə abad olanın axırı bərbad olar. Azərbaycanın azad, işıqlı, vicdanlı insanlarına qarşı çirkin sifarişləri yerinə yetirib özlərinə dəbdəbə, karyera düzəldənlər MTN-dəki “gözü çıxmış qardaşlarına” baxıb dərs alsınlar.

Biz isə Ay Vey Veyə qayıdaq. O, Çin rejiminin ən böyük başağrılarından biri hesab olunur, o, müasir dünyanın ən ciddi, eyni zamanda ən çox müzakirə olunan sənət adamlarındandır, az qala hər əsəri böyük səs-küyə, dartışmalara yol açır.

Vətəndaş mövqeyinə görə Ay Vey Vey Çində kifayət qədər basqı, təhdid görüb. Həbs təhlükəsinin qaçılmazlığını görüb  ABŞ-a mühacirət etməli olub, amma atasının ağır xəstəliyi onu bir müddət sonra yenidən Çinə qayıtmağa məcbur edib. Burada şəxsi emalatxanasını yaradır. 2008-ci ildə Pekində keçirilən Yay Olimpiya Oyunları üçün quş yuvası formasında tikilən stadionun memarları arasında Ay Vey Vey də var.

Elə həmin il baş verən zəlzələ Ay Vey Veydə yeni bir ideya doğurur: o, zəlzələdə ölən, ancaq adları rəsmi statistikaya düşməyən insanların uzun bir siyahısını hazırlayır, həmin siyahını öz bloqunda dərc edir və onları yalnız zəlzələnin deyil, həm də Çindəki korrupsiya rejiminin qurbanları elan edir. Məsələn, korrupsiya ucbatından keyfiyyətsiz tikilən məktəblər elə ilk təkandanca yerlə-yeksan olmuş, nə qədər insan məhz bunun nəticəsində ölmüşdü.

Çin rejiminin əsəbləri Ay Vey Veyin öldürücü ifşalarına dözmür, polislər onu elə küçədəcə tutub o ki var əzişdirirlər. Şanxaydakı şəxsi emalatxanası buldozerlərin ağzına verilərək darmadağın edilir, özünə isə Çini tərk etməmək yasaqlanır.

2011-ci ildə yasaq götürülür, Ay Vey Vey bu dəfə Almaniyaya mühacirət edir.

Çin rejiminə qarşı mübarizəsinə buradan davam etdirən rəssam, bir müddət sonra yenidən vətəninə qayıtmaq qərarına gəlir. Bu dəfə hökumət adamları onu elə Pekin hava limanındaca oğurlayırlar. Hara aparıldığı, başına nə gəldiyi bilinməyən Ay Vey Veylə bağlı mütərəqqi dünyada böyük dəstək kampaniyası başlayır.

Çin rejimi məcbur qalıb cəmi iki ay sonra Ay Vey Veyi azad etməli olur.

Ay Vey Vey isə müdafiə etdiyi dəyərlərdən bir an olsun belə vaz keçmir. Keçənlərdə o, iki min paltar qatından dünya xəritəsi yaratmışdı. Bu proyektdə saysız-hesabsız çinli fəhlə iştirak etmişdi. Bununla Ay Vey Vey diqqətləri Çinin tekstil sənayesində çoxsaylı ucuz fəhlə qüvvəsindən istifadə olunmasına cəlb etmək istəmiş, istəyinə də nail olmuşdu.

Həmin layihə dünyanın hər yerində əməyin istismarına qarşı mübarizəni yenidən gündəmə gətirmişdi.

Bu gün də o, Ay Vey Vey istər Çində, istərsə də dünyanın digər antidemokratik, basqıçı rejimlərin zülmü altında yaşayan ölkələrində əzilən, sömürülən, hüquqsuzluğa, ədalətsizliyə tərk edilən insanların haqq səsi olmaqdadır.

Ay Vey Veyin timsalında biz çağdaş dünyada bir sənət adamı üçün vətəndaş mövqeyinin, mütərəqqi siyasi baxışlara, fəal ictimai münasibətə sahib olmağın dəyərini və əhəmiyyətini dərindən anlayırıq. Görürük ki, öz sakit hücrəsinə çəkilib sənəti yalnız sənətlə sınırlandıranlardan fərqli olaraq, yaradıcı bacarıqlarını öz xalqlarının və bütün dünyanın xoşbəxtliyi uğrunda mübarizə ilə bütünləşdirənlər, bütövləşdirənlər bundan nəinki heç nə itirmir, əksinə, çox şey qazanırlar.

Yaşadığımız zamanın və dünyanın qeyd-şərtsiz qalibləri heç şübhəsiz, məhz onlardır – Ay Vey Vey kimilər.

Baxmayaraq ki, Məmməd Əzizovları öz şər zindanlarına dolduran rejimlər hələ də, hər yerdə əzəmətli və yenilməz görünürlər. Bəli, məhz görünürlər. Bəs həqiqətənmi belədir?

Dönüb tarixə, keçmişin təcrübələrinə baxsanız, bu sualın həqiqi cavabını çox asanlıqla özünüz də tapa bilərsiniz.