MTN işində yeni faktlar ortaya çıxa bilər

ilham-ismayilİlham İsmayıl: «MTN-in əməkdaşları postlarından uzaqlaşdırıldıqca, onlar barəsində cinayət işi açıldıqca, istintaq getdikcə maraqlı faktlar bilinəcək»

MTN-lə bağlı baş verən proseslərdə maraqlı məqamlardan biri də budur ki, quruma qarşı irəli sürülən ittihamlar seçki saxtakarlığı və sahibkarlara qarşı təzyiqlər olsa da, vəzifəsindən uzaqlaşdırılanlar tam başqa istiqamətlərə rəhbərlik edənlərdir. Belə ki, vəzifəsindən uzaqlaşdırılan şəxslər əks-kəşfiyyat və anti-terror sahələrinə cavabdeh şəxslərdir.

Bütün bunlar isə onu deməyə əsas verir ki, MTN işi ilə bağlı cəmiyyətə məlum olmayan kifayət qədər məqam var. Bəs bu məqamlar nə zaman ictimailəşdiriləcək?

Təhlükəsizlik məsələləri üzrə ekspert Ilham Ismayıl bildirdi ki, MTN-də təmsil olunanların 80 faizi əks-kəşfiyyatın işçiləridir. Məhz bu şəxslərin səlahiyyətlərinə daxil olmayan işlərlə məşğul olduqlarını deyən I.Ismayıl hesab edir ki, vəzifəli şəxslər tutduqları postlardan uzaqlaşdırıldıqca, onlar barəsində cinayət işi açıldıqca, istintaq getdikcə faktlar ortaya çıxacaq: “Elə məqamlar var ki, onların açıqlanması hakimiyyətin maraqları baxımından məqsədəuyğun sayılmasın. Amma cinayət işlədilibsə, bu məhkəmədə mütləq açılacaqdır. MTN işinin daha çox sahibkarlara yönəldilməsinə gəlincə, bu, təsadüfi deyil. Çünki onların cinayətlərinin bir qismi məhz bu istiqamətdədir”.

Seçkiyə müdaxiləyə gəlincə, I.Ismayıl bildirdi ki, MTN-in seçkiyə geniş miqyasda müdaxiləsi inandırıcı deyil. Bu qurumun seçkiyə müdaxiləsi yalnız parlament və bələdiyyə seçkilərində, o da bəzi dairələrdə ola bilər: “Seçki, hakimiyyətin planı necə olaubsa, elə də keçirilib. MTN-in qəyyumluğu ilə seçilən bir-iki deputat ola, ya olmaya. Yəni MTN bir həddə qədər cinayətlər edə bilib. Hələ ki, hər şey açılmayıb və hər şey deyilməyib. Amma həbs və məhkəmənin başlaması üçün kifayət qədər dəlillər var”.

Xəyal