Bilirsinizmi ki, bu yazı “Azadlıq”da nə zaman yazılıb? 2007-ci il may ayının 31-də. O zaman “Azadlıq” qəzetinin ekspertləri, sanki bugünkü hadisələri görərək, Eldar Mahmudovun nazir vəzifəsinə hansı məqsədlərlə təyin edildiyini dəyərləndirirdi. Bizim dəyərləndirmələrimiz ən dəqiq və ən soyuq analizdir, bunu tarix də beləcə sübut edir. 7-8 il əvvəl bu hakimiyyətin tərkibində bu hadisələri görməyi bacarmayanların olması, daha doğrusu, onların heç birinin bu hadisələri görə bilməməsi isə təbiidir. Bunlar özlərinin 7-8 il bundan sonrasını da görə bilməyən insanlardır, zatən. Amma “Azadlıq” görür, araşdırır və qiymətləndirir. Sizə təkrarən təqdim etdiyimiz bu yazı MTN-dəki fəsadların kökləri barədədir.
“Gözlə”mə zallarından çıxan bir nömrəli çekist hansı konsepsiyalar əsasında işləyir?
Insafən, etiraf etmək lazımdır ki, Eldar Mahmudovun adı bu sistemin pozuqluğundan asılı olmayaraq da, müəyyən qədər zəhmli səslənir. Amma bu zəhm hakimiyyət dəhlizlərində deyil, daha çox, cəmiyyətdə görükür. Orada, hakimiyyət dəhlizlərində isə Eldar Mahmudovdan kimin nə qədər çəkindiyini kimsə təsəvvür edə bilməz…
Neyləməli, Azərbaycanda ölkənin “birinci sinif” idarəetmə təbəqəsinə daxil olan şəxslərin hamısı həm də oliqarxlar sinfinə daxildir, bu, bir qaydadır, yazılmamış, amma ciddi şəkildə əməl edilən qanundur. Doğrudur, dövlət idarəetməsinə cəlb edilmiş şəxslərin bizneslə məşğul olması qanunla qadağandır, onların qanunsuz olaraq kommersiya fəaliyyəti göstərməsi, ölkənin ən varlı adamlarına çevrilməsi milli təhlükəsizliyimizə vurulan ən ağır zərbələrdəndir, amma neyləməli, bu qaydasızlığı da biz yaratmadıq.
Bu qaydasızlığın yaranmasında, ənənəyə çevrilməsində, heç Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun da günahı yoxdur. Buna görə də o, hakimiyyət dəhlizlərində nəzərə alınmayan ən güclü nazirliklərdən biri kimi bu total qanunsuzluqları çox “əzəmətli” şəkildə müşahidə edir. Siyasi düzən budur, vəssalam. Eldar Mahmudov bu qaydaları dəyişmək imkanında deyil. Bu qaydaların dəyişməsi onun özünə də lazım deyil. Bu qaydaların dəyişməsini, hətta təsəvvür etmir. Nə üçün? Bu suala bir qədər sonra cavab verməyə çalışaq.
Əzablı uğurlar yolu
Cənab Mahmudov ziyalı ailədə doğulub, böyüyüb, boya-başa çatıb. O, akademik Əhməd Mahmudovun oğludur. Lap bu günlərdə, görünür, siyasi konyunktura da nəzərə alınmaqla onun atasının adına bir gəmi tikdilər və xəttə buraxdılar.
Amma bu o demək deyil ki, cənab Mahmudovun bütün xidməti karyerası “yağ” kimi gedib. Qətiyyən belə deyil. Milli Təhlükəsizlik naziri olana qədər, o, dəhşətli dərəcədə böyük ağrılar və əzablar yaşayıb. Bu xidməti əzabların bir qismi ilə bağlı məlumatlar, hətta ictimaiyyətə də bəllidir. Cənab Mahmudov Daxili Işlər Nazirliyində işlədiyi zaman ən yüksək vəzifələrdən kənarlaşdırılıb, hətta rəhbərlik etdiyi idarənin ləğv edildiyi zamanlar da olub. Zarafat gəlməsin, bunlar hakimiyyət yollarının ən əzablı pillələridir. Necə yəni? Günün birində sənin rəhbərlik etdiyin idarəni ləğv edələr və sənə də yalnız bir əmr verərlər: “Gözlə!” Bu “gözlə”mə zalı hər cür şübhə və tərəddüdlərin meydanıdır, adamın ağlına min cür fikirlər gələ bilər. Insanın özünün çəkdikləri cəhənnəm, dünənki məsləkdaşlarının, çevrənin sənə olan münasibəti ildırım sürətilə dəyişir, özünü yalqızlıqda hiss edir, bu tənhalıqdan qopmaq üçün min cür variant üzərində düşünürsən…
Daxili Işlər Nazirliyi sistemində işlədiyi dövrlərdə həmişə autsayderlər siyahısında olsa da, ən iri vəzifələr tutmasında da problem olmayan cənab Mahmudov gözlənilməzliklərə həm özü alışıb, həm də ətrafındakıları buna alışdıra bilib.
Nə üçün Eldar Mahmudov Milli Təhlükəsizlik naziri oldu?
Amma bütün bunlara baxmayaraq, Eldar Mahmudov Milli Təhlükəsizlik naziri təyin edildiyi gün onunla bağlı sürprizlərə vərdiş etmiş insanların tam əksəriyyəti sürpriz şoku yaşadı, desək, səhv etmərik. Ən azı, hakimiyyətin daxilində yerləşən insanların tam əksəriyyəti belə hesab etməli idi ki, sabiq nazir Namiq Abbasovdan sonra bu vəzifəyə gətiriləcək kimsə sistemin öz içindən çıxarıla bilər. Amma həmin bu əksəriyyət mühüm bir detalı nəzərə almamışdı ki, təkcə Milli Təhlükəsizlik Nazirliyində yox, bütün ölkədə hakimiyyət dəyişib, inzibati-siyasi oyun qaydaları yenidən müəyyən edilir, inzibati aparat sökülür və yenidən yığılır. Cənab Eldar Mahmudovun Milli Təhlükəsizlik naziri təyin edilməsi faktını anlaşılmazlıqla qarşılayanların hamısı yalnız bu detalı anlaya bilməmişdilər. Hətta Ramil Usubov da!
Nədən, hətta Ramil Usubov da? Ona görə ki, güc nazirliklərinin arasında hakimiyyətdaxili münasibətləri ən yaxşı bilən, ən dəqiq şəkildə hesablayan Usubov siyasi hakimiyyətin mahiyyətini dəyişəcək bir hadisənin baş verdiyinin fərqində olmalı idi: Ilham Əliyev Heydər Əliyev demək deyil, o, postəliyev dövrü deməkdir. Postəliyev dövrü isə avtoritar, yalnız özünə güvənən liderin deyil, aqressiv, tamahkar oliqarxiyanın və bu oliqarxlara güvənən liderin diktaturası deməkdir.
Onun Milli Təhlükəsizlik çevrəsi
Cənab Mahmudov isə intuitiv olaraq yeni reallıqları dərk etdi. Ona görə “intuitiv olaraq” ki, kiminsə ona bu xüsusda təlimatlar verməsini təsəvvür etmək çətindir. O, ən qısa müddətdə dərk etdi ki, rejimin yeni gerçəklikləri hakimiyyətdən sui-istifadə yolu ilə külli miqdarda sərvət toplamış nazirlərin (oliqarxların) sayəsində müəyyən edilir. Bir Milli Təhlükəsizlik naziri kimi onun missiyası bu gerçəkliklərə toxunmadan rəhbərlik etdiyi nazirliyin varlığını hiss etdirməkdir. Buna görə də, təqdimatın əvvəlində qeyd etdiyimiz həmin mənzərə yarandı: Milli Təhlükəsizlik Nazirliyi və onun rəhbəri bütün ölkə üçün yox, yalnız orta və aşağı təbəqə üçün zəhm və vahimə mərkəzinə çevrildi.
Doğrudur, ilk vaxtlar Eldar Mahmudovun sabiq rəhbəri Ramil Usubovdan qisas almaq, onu bir güc mərkəzi olaraq yox etmək kimi planları medianın və ictimaiyyətin sevimli müzakirə mövzularından birinə çevrilmişdi. DIN-in qoynundan qoparılan “Hacı Məmmədov bandası”nın işi də bu qisas planlarını gerçəkləşdirmək üçün imkanlar verirdi. Amma Eldar Mahmudov “hakimiyyət oliqarxların çiynində mövcuddur” tezisini bir daha xatırladı və qisas düşüncələrini ən arxadakı rəflərdən birinə qoydu. Həmin o zamanlarsa, hətta Ramil Usubovun özü də qisasçılıq planlarının mövcudluğu barədə eyhamla danışmışdı.
Cəmiyyətdən gizlədilən təhlükəsizlik təminatı nədən ibarətdir?
Azərbaycanın rəsmi “milli təhlükəsizlik konsepsiyası” cəmiyyətin ictimai-siyasi proseslərdən təcrid edilməsi üzərində qurulub.
Eldar Mahmudov da bu “doktrina”nı həyata keçirmək üçün Milli Təhlükəsizlik naziridir. Başlıca məsələ budur ki, cənab Mahmudov hansı missiyanı yerinə yetirməli olduğunu əla bilir. Xoşbəxtlikdən, Eldar Mahmudov bu vəzifəyə təyin ediləndən sonra konkret missiya üzrə fəaliyyət göstərmək üçün darıxmağa vaxtı olmayıb. DIN-də aşkar edilən bandit qruplaşmasının işini araşdırmaq üçün məhsuldar işləmək lazım gəlib.
Bundan əlavə, 2005-ci ildə bir “siyasi kriminal” da meydana çıxarılıb: sabiq nazirlərin bir qrupu dövlət çevrilişi cəhdində ittiham edilərək həbsə alınıb. Bu qrupun tərkibində olan iki nazirin – Səhiyyə naziri Əli Insanov və Iqtisadi Inkişaf naziri Fərhad Əliyevin işi üzrə cəmiyyəti “kultivasiya” etmək üçün parlaq imkanlar olub. Xüsusilə, Fərhad Əliyevin işi əvəzsiz imkanlar yaradıb. Bu iş üzrə xırda və orta sahibkarların nəhəng bir şəbəkəsi MTN-in “obyektivinə düşüb”. Bu qədər nəhəng sektorda araşdırma işləri isə təbii ki, ictimai rezonans olmadan aparıla bilməzdi. Buna görə də, indi ictimai çevrələrdə ən qapalı (axı, “milli təhlükəsizlik” məsələsi olduğuna görə bunlar haqqında aşkar danışmaq olmaz!) şəkildə danışırlar: “istintaqa cəlb edilənlərlə” maliyyə vəsaitləri… dilində danışmaq halları kütləviləşib.
Yeri gəlmişkən, cənab Mahmudovun maddi aləmə pul və avtomobillər şəklində bağlılıq dərəcəsi haqqında əfsanələr dolaşır.
Cəmiyyətlə işləmək isə hər zaman çətindir. Buna görə də, MTN-in və onun şefinin ictimai reputasiyasının yuxarı səviyyədə olduğunu iddia etmək çox çətindir və ya mümkün deyil.
Milli Təhlükəsizliyin “velosiped” anlayışı
Ola bilər, obıvatel belə fikirləşsin ki, milli təhlükəsizlik təhlükəli dərəcədə çox məxfi, əsrarəngiz olan deməkdir. Normalda, qətiyyən belə deyil və olmamalıdır. Söhbət, axı, məhz, “milli təhlüksizlik”dən gedirsə, hansı təhlükə və vahimə olmalıdır ki? Normalda!..
Azərbaycanda isə “milli təhlükəsizlik konsepsiyası” birxətlidir. Yəni, əslində dövlət və millət üçün yox, hakimiyyət üçün, daha konkret desək, mövcud hakimiyyət üçün təhlükəli sayılan tendensiyaları zərərsizləşdirmək istiqamətində qurulub.
Cənab Eldar Mahmudov isə bu işin öhdəsindən layiqincə gəlir. O, bu nəhəng güc strukturunun (məhz, onun funksional güc təyinatının) bütün imkanlarını işə salaraq cəmiyyəti ictimai-siyasi proseslərdən ayırmaq üçün hər şeyi edir. Bu missiyanı yerinə yetirmək üçün yüksək intellekt tələb olunmur. Sadəcə, “dövlət əleyhinədir!” ittihamı irəli sürülür, vəssalam. Balta üsulu ilə.
O, ictimai etimadı nəzərə almayan bir nazirlik yarada bilib
Təsadüfi deyil ki, cənab Eldar Mahmudovun nazir işlədiyi dövrdə MTN-in araşdırma və ya əməliyyat predmetinə çevrilən bütün hadisələr nəticə etibarilə ictimai etimadla qarşılanmayıb. Hətta “Hacı Məmmədov işi” də!
Çünki cənab Mahmudovun rəhbərlik etdiyi nazirlik milli təhlükəsizlik zəmanətlərini siyasi sifarişlər əsasında yaratmaq istiqamətində işləyir. Bu siyasi sifarişlərin isə bircəciyi də cəmiyyətin mənafeləri naminə yaranmır. Bu sifarişlər mövcud Azərbaycan hökumətinin, bu hökumətin indiki korrupsiya əməliyyatlarının təhlükəsizliyini təmin etmək üçün verilir, həm də cəmiyyətin və millətin mənafeləri üçün əsl təhlükə mənbəyi olaraq.
Buna görə də cənab Mahmudovun Milli Təhlükəsizlik naziri olaraq başqa istedad və bacarıqlarını müşahidə etmək mümkün deyil. Bu baxımdan, onu qınamağa dəyməz, çünki onun missiyası bu təyinat əsasında müəyyən edilib.
Siyasət şöbəsi