Avropa Parlamentinin prezidenti Tehrana niyə gedib?

martin-shults

Martin Şultsun İrana səfəri Qərblə münasibətlərin getdikcə daha da inkişafına təkan verəcək amil kimi qiymətləndirilir

Iranın Islami Şura Məclisinin beynəlxalq məsələlər üzrə rəsmisi, millət vəkili Həsən Şeyxülislam, Avropa Parlamentinin prezidenti Martin Şultsun Tehrana səfərini şərh edib. Şultsun Irana səfərində məqsədinin daha çox iqtisadi əlaqələrin genişlənməsi olduğunu deyən millət vəkili, eyni zamanda, iki ölkə parlamentləri arasında əlaqələrin müzakirə edildiyini vurğulayıb.

Həsən Şeyxülislamın sözlərinə görə, Avropa Parlamentinin rəhbərliyi indiyə qədər sanksiyalar səbəbilə ABŞ siyasətinin cəzasını çəkdiklərini anlayıblar, ona görə də Avropa ölkələri artıq Iranla daha sıx əlaqələr qurmaqda maraqlıdılar. Iranlı deputat səfər zamanı Avropa rəsmisi ilə dünyanın gündəmini zəbt etmiş “terrorla mübarizə, Suriya, Yəmən və Fələstin” mövzularının da müzakirə olunduğunu qeyd edib.

Qeyd edək ki, dünyanın aparıcı ölkələrilə Iran arasında nüvə razılaşmasından sonra Iran-Qərb əlaqələri sürətlə inkişaf edir. Uzun illər ərzində Irana qarşı Qərbin çox sərt sanksiyaları tətbiq edildi və nəticədə Iran geri çəkilməyə məcbur oldu. Yalnız bundan sonra razılaşmada nəzərdə tutulduğu kimi, sanksiyalar tədricən aradan qaldırılmağa başladı. Iranın məhz sanksiyalar nəticəsində düşdüyü ağır vəziyyətdən çıxmaq üçün razılaşmaya getməsi ölkənin Qərblə münasibətlərinin yaxşılaşması və bununla da ağır iqtisadi böhrandan çıxmaq şansı yarandı.

Son aylarda aparıcı Qərb dövlətlərinin Irana davamlı səfərləri baş verir. Bu mənada, Avropa Parlamenti rəhbərinin Irana səfəri Qərblə münasibətlərin getdikcə daha da inkişafına təkan verəcək amil kimi qiymətləndirilir.

Nigar