Milli Məclisin spikeri kim olacaq?

milli-meclisOqtay Əsədov, Ziyafət Əsgərov, Əhliman Əmiraslanov və Əli Hüseynli arasında mübarizə gedir 

Milli Məclisin spikeri olmaq uğrunda mübarizə qızışır. “Azadlıq” ötən saylarında məlumat vermişdi ki, əsas mübarizə Oqtay Əsədov və Ziyafət Əsgərov arasında gedir. Mənbəmiz bildirmişdi ki, Ziyafət Əsgərov hələ 2010-cu ildə iddiasını ortaya qoymuşdu: “Hələ 2010-cu ildə Ziyafət Əsgərov ciddi-cəhdlə Oqtay Əsədovun yerinə keçmək istəyirdi. Lakin Paşayevlərin və Qərbi Azərbaycan klanının dəstəyi nəticəsində Oqtay Əsədov yenə də spiker oldu. Bu dəfə isə Ziyafət Əsgərovda spiker olacağına əminlik yaranıb”.

Qaynağımız Ziyafət Əsgərovun əminliyini Oqtay Əsədovla bir çox deputatlar arasında zidiyyətlərin olması ilə izah etmişdi: “Milli Məclisi faktiki olaraq yenilənməyib. Deməli, Oqtay Əsədov bu dəfə spiker olarsa ziddiyyətdə olduğu deputatlarla işləməli olacaq. Ziyafət Əsgərov isə hesab edir ki, hakimiyyətdə təlatümlərin yaşadığı bir ərəfədə iqtidarın başbilənləri buna getməz”.

Bununla belə mənbəmizin fikrincə, Ziyafət Əsgərovun əminliyi özünü doğrultmaya bilər. Çünki Oqtay Əsədovun Paşayevlərdən və Qərbi Azərbaycan klanından böyük dəstəyi var.

“Yeni Müsavat” qəzetinin yazdığına görə isə spiker postuna iddialılar arasında deputat Əli Hüseynli ilə Azərbaycan Tibb Universitetinin rektoru, deputat Əhliman Əmiraslanov da var.

Qeyd edək ki, Əli Hüseynli baş prokuror və Ali Məhkəmənin sədri vəzifəsinə iddialı idi. Lakin bu iddiasını reallaşdıra bilmədi. Bu vəzifələrə təyin olunmayan Əli Hüseynlinin Milli Məclisin spikeri kimi daha mühüm posta təyinat alacağı inandırıcı görünmür.

Əhliman Əmiraslanova gəlincə, mümkündür ki, onu spiker təyin etsinlər. Hər halda o, bir mandata görə Azərbaycan Tibb Universitetini qurban verməz. Xatırladaq ki, parlament seçkilərindən əvvəl rektorlar qarşısında şərt qoyulmuşdu: ya mandat, ya da rektor postu.

Amma bir məsələ də var ki, Oqtay Əsədov spiker təyin olunmayacaqdısa, ümumiyyətlə seçkiyə qatılmazdı. Hər halda onun da deputat mandatı ilə kifayətlənəcəyi inandırıcı görünmür.