Bir neçə il əvvəl Azərbaycan Beynəlxalq Universitetinə müəllim düzəlmək üçün dəvət olunmuşdum. Dekan müavini mənə universitetin “təhsil kodeks”ini izah etdikcə, burada işləyə bilməyəcəyimi anladım. Çıxarkən koridorlarda YAP funksionerləri daxil olmaqla, hakim elita nümayəndələrinin bəxtəvər pozada portretlərini görəndə, məsələnin nə yerdə olduğunu anladım. Yenidən dekan müavininə yaxınlaşdım və o mənə, onların buradan da maaş aldıqlarını, hətta arabir gəlib mühazirə söylədiklərini söylədi. Bu insanlar, adına universitet deyilən o “sağmal inək”dən süd əmirdilər və mən də o inəyi bəsləməli, yəni bildi-bilmədi bütün tələbələrə “iki” yazmalı idim(!). Universitetin məlum günlərində isə, məhz bu insanlar ittihamçıya çevrildilər… və 50 minə yaxın məzun diplomsuz qaldı…
…Hazırda ölkədə başqa bir təlatüm yaşanır. Bakı Şəhər Icra Hakimiyyətinin, eləcə də Prezident iqamətgahının qarşısında əllərində müxtəlif şüarlar və son iki prezidentin portretlərini tutmuş yüzlərlə, bəzən isə minlərlə mənzil-tikinti şirkətlərinin aldatdığı vətəndaşları görmək olar. Bu insanlar haqda yazmaq üçün onları bir neçə dəqiqəliyə müşahidə etmək qərarına gəldim, ağrılı olsa da.
Sanki bu ölkədəki tikinti şirkətləri vətəndaşlar arasında ev lotereyası keçiriblər, amma bu biletin qiyməti elə evin dəyərində olub. Şanslılar isə məmurlar olub, yəni onların lotereyası “udub”. Əslində isə, məsələ belədir – mənzillər beş-altı vətəndaşa (bundan sonra bu insanlara zavallılar deyəcəyik – Ə.X.) satılıb, əvvəlcə hər kəsə bu “evin sahibi başqasıdır” deyilib. Və sonra da bu başqaları üçün “müsabiqə” başlanıb. Yenidən bu zavallılar ikinci dəfə halal mənzilləri uğrunda mücadiləyə başlayıblar. Rüşvətin tavan həddi, evin dəyərinin üçdə bir hissəsi olub, həmin şəxslər bu “lotereya”nın, yəni halal evlərinin sahibinə çevriliblər. Maraqlı məqam ondan ibarətdir ki, bu zavallıların aldıqları binalar yerləşən rayonların vəzifəli şəxsləri müəmmalı şəkildə sonradan bu binalarda ev sahiblərinə çevriliblər.
Söhbət etdiyim zavallıların əksəriyyəti yeni “qonşu”larını (hələ ümidləri üzülməyib) və evlərinə sahib çixanları heç tanımadıqlarını deyirlər, amma onu da vurğulayırlar ki, onların bircə zəngi ilə hüquq-mühafizə işçiləri operativ olaraq “hadisə” yerinə gələrək, vətəndaşların istirahətini “pozduğumuza görə”, bizi oradan uzaqlaşdırırlar. Yuxarıda bəhs etdiyim, ABU variantı sanki təkrar olunur. Və mən əmin oldum ki, ölkədə tikinti şirkətlərinin himayədarları elə portreti o dəhlizlərdə asılanlardır. Hər iki tərəfin eyni bölgədən olması, çox şeydən xəbər verir. Yəqin ki, bu şirkət başçıları da, tezliklə yerləşdikləri Avropadan bizlərə mərhəba deyəcəklər…
Bəli hörmətli oxucu, ölkə sanki böyük bir kazinoya çevrilməkdədir, necə deyərlər – “bəxtinizi bir daha sınayın”. Sanki bu binəva insanlar bir qutu tum alıblar, mənzil yox. Insan bir dəfə yaşayır, 25 ilə qəpik-qəpik yığdığı ilə ev almaq istəyir, pulu əlindən alınır, haqqını tələb etdikdə döyülür və evə qayıdanda isə telekanallardan meyxana ilə bərabər, YAP-ın icra “hakim”i Əli Əhmədovun soyuqqanlılıqla söylədiyi bu bəyanatı eşitməyə məcbur olur: “Ilham Əliyevi bütün Azərbaycan xalqı dəstəkləyir və israrla onu əbədi prezident kimi görmək istəyir”. Fırıldaq qurbanları, evinə bir tikə çörək aparmaq üçün yeni tikilən körpülərin altında duranlar, vətəndən didərgin milyonlarla insan hansı xalqın nümayəndələridir, görəsən?.
“…Obama Bəşər Əsədin axırına çıxacağına söz verib, deyib ki, qurtardıq səninlə!” – əlində Ilham Əliyevin portreti olan bir zavallı qadın, əlində plakat tutan bir xanıma ucadan bunu söylədi. Polisin yaxınlaşdığını görən qadın susdu. Amma gec idi, polislər də daxil olmaqla, hamı eşitdi və ortaya sükut çökdü. Və mən gəldiyim kimi, sakitcə oranı tərk etdim. Onların heç olmasa birinə kömək edə bilsəydim, özümü xöşbəxt sayardım. Allah heç kimi onların gününə salmasın, elə Əli Əhmədovu da.