Korrupsioner məmurların adları niyə açıqlanmır?

Məhəmməd Talıblı: «Bu, ciddi xərcləmələrə yol verən nazirliklərə rəhbərlik edən şəxslərin nüfuzu ilə bağlıdır»

Hesablama Palatasının sədri Heydər Əsədov rəhbərlik etdiyi qurumun nəzarət tədbirlərinin nəticələri barədə məlumat versə də, konkret ad çəkməyib. Məsələn, Hesablama Palatasının sədri deyir ki, nəzarət tədbirlərinin nəticələrinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 2008-ci ildə 41, 2009-cu ildə 57 və 2010-cu ildə isə 83 təqdimat göndərilib. Amma aydın deyil ki, söhbət hansı qurumlardan gedir. Heydər Əsədovun bu qurumların adını açıqlamaqdan ehtiyat etdiyi açıq şəkildə görünür. Və bir növ dişsiz açıqlamaları ilə həm də özünü sığortalayır.
Iqtisadi Innovasiya Mərkəzinin rəhbəri Məhəmməd Talıblının fikrincə, H.Əsədovun açıqlaması bir tərəfdən təsadüfi xarakter daşımır. Çünki Hesablama Palatasının hesabatlarında bir qayda olaraq konkret rəqəmlərə rast gəlmək çətin olur: “Hesablama Palatasının hesabatları ilə tanış olan zaman biz tez-tez bəzi təşkilatların nəzərdə tutulandan külli miqdarda kənar xərcləmələrə yol verdiyinin şahidi oluruq. Bəzən bu kənar xərcləmələr milyard manata qədər olur. Amma Hesablama Palatasının bütün bu kənar xərcləmələrlə bağlı iradları olduqca zəif və yersiz görünür. Birincisi, iradlar tam sərt olmur. Ikincisi isə iradların ünvanlandığı idarə, qurumların, nazirliklərin adları açıqlanmır”.
M.Talıblının sözlərinə görə, konkret idarə və təşkilatların adlarının çəkilməməsi də həmin nazirliklərin ölkədəki təsir gücü ilə bağlıdır: “Xərcləmələrə nəzər salanda büdcə vəsaitlərinin Nəqliyyat Nazirliyinin xətti ilə külli miqdarda xərcləndiyinin şahidi oluruq. Amma bu təşkilat barəsində heç bir tədbir görülmür. Investisiya xərclərində heç bir şəffaflıq yoxdur. Bunun nəticəsində külli miqdarda artıq xərcləmələr yaranır. Amma bu nazirliklərin adları çəkilmir. Çünki ölkədə onların nüfuzu yetərincə güclüdür”.

Hikmət