Kamaləddin Heydərov və Qavroş ola bilməyən nəbilər…

nazliNazlı

Təxminən beş il əvvəl Qəbələnin çayxanalarının birində vaxt öldürürdük. Yeniyetmə bir oğlan stolumuzun dolu ətrafına pərçim oldu. Hakimiyyəti yuyub-sərməkdən ibarət daimi mövzumuzun şirin yerində artıq unutduğumuz gənc mənə sual verdi:

– Siz niyə Kamaləddin Heydərovu və onun atasını sevmirsiz?

– Əvvəla, mənim onların qarşısında belə bir öhdəliyim yoxdur. Bir də söz nədən düşüb ki?

Balaca qonaq cavabıma və sualıma məhəl qoymayıb heydərovların Qəbələ üçün əvəzsiz əhəmiyyətindən ətraflı “mühazirə” oxudu. Bundan bir şey anlamasaq da hətta öz nitqini “gizlincə” telefona yazan maraqlı gənci dərhal sevməyə başladıq. Adı təxminən Nəbi olan qoçaq gənc bundan ruhlanıb daha da irəli getdi:

– Kamaləddin Heydərov olmasaydı Qəbələ dünyada tanınmazdı!

Bu yerdə təbii ki, təxmini nəbiciyəzə bir az bilgi verməyin vaxtı çatmışdı. Çünki uşağın səsyazma çalışması dialoq şəklində olmalıydı, yoxsa elə evdə oturub təkbaşına tərifləyərdi də…

– Əvvəla, tanınmaq mütləqdirmi, şərtdirmi? Qonşu Oğuzu, Ismayıllını tanımırlar, səhər açılmırmı oralarda? Ikincisi, Qəbələ hələ Qutqaşın olanda məşhur idi. Qədim paytaxt Qəbələ, tarixə dönmüş Ismayıl bəy Qutqaşınlı, əfsanəvi Musabəyovlar və daha kimlər, nələr… Hələ dünənə qədər yaşayan dünyaca məşhur RLS-i, şöhrəti hətta qapalı sovet rejimindən çox-çox uzaqlara yayılan “Qafqaz” turist bazasını demirik… Azdırsa, yenə sayaq, amma elə bu qədərinin də sənin yaddaşın üçün artıq olduğunu düşünürük…

Uşaqcığaz sifətinə sanki sözkeçirməz geyinib gözümüzün içinə baxa-baxa qaldığı yerdən davam edirdi…

– O, səxavətlidir, çünki adamlara öz cibindən pul verir.

– O pulun o cibə hardan girdiyini bilmək istəsəydin, çox şey görərdin…

– Bunu bilmək nəyimə lazımdır? Əsas odur ki, o, xeyirxahdır. Çünki, bizi yoxsulluqdan xilas eləyib.

– Pardon, siz niyə yoxsul olurdunuz ki? Bəs yoxsul olmamaq üçün vətənin hər qarışında aşıb-daşan təbii sərvətlərdən sizə beşcə quruş düşmürmü?

– Amma siz də Kamaləddin Heydərovun çörəyini yeyirsiniz…

– Biz heç öz halal çörəyimizi yeyə bilmirik. “Çörək yemək” ifadəsi sadəcə gəvələmək yox, insanın geniş mənada qidalanması, müəyyən haqlara sahib yaşam tərzidir.

– Biz fəxr etməliyik ki, Kamaləddin Heydərov əsas biznesini Qəbələdə qurub.

– Bizdən keçdi, oğul bala. Siz doyunca fəxr edin… Ölkəmizdə sərbəst fəxr etmək və yaxud kədərlənmək üçün əsil demokratik şərait var.

– Sizdən başqa kimsənin onlardan narazı olduğunu eşitməmişəm.

– Eşitməzsən də. Bizə baxma, hərdən belə mənasız şeylərlə özümüzü cəzalandırırıq. Qaldı ki, sənin bu naşı və ucuz canfəşanlığın hətta sahibinə də xoş getməz.

Və…

Illər sonrası eşitdik ki, həmin şərti nəbiciyəzi heydərovların imperiyasında mühüm qulluğa götürüblər. Deməli, uşağın “əməyi” hədər getməyibmiş.

Nağıl olunan kiçicik əhvalatda Amerikanın kəşfi-flan yoxdur. Tipik Azərbaycan gerçəkliyidir. Yaddaşımda ilişib qalan gündəlik çayxana söhbətini xatırlamağa bəs nə ehtiyac vardı? Son günlərdə eşidib yenidən təsirləndiyim köhnə bir həqiqətdən savayı heç nə… Yəni nə o nəbilər, nə də onları yetişdirən heydərovlar… Sadəcə acı bir həqiqət…

Siyahısının mürəkkəbi hələ qurumamış parlament seçkilərində komissiya üzvü olmuş bir dostum dedi:

– Bilirsən, məni ən çox yandıran o oldu ki, seçkiyə gətirilənlər əsasən Kamaləddin Heydərovun biznes sahələrində bir loxma çörəyə işləyən gənclərdi…

– Məni də yandıran odu… Çünki o gənclər o seçkiyə gəlib, o ailənin üzvünün adını işarələməsələr, ertəsi gün işə getməyəcəklər. Nə ora, nə də oranın ekiz tayı olan başqa yerlərə… Bura alternativsiz məkandır. Hər şey, hər yer onlara məxsusdur. Hətta əhali də…

Nə edəcəksən? Sındırılmış çarəsiz gənclik və qəddar oliqarxiya…

Cavanlığımda Cek Londonun bu mövzunu əbədiləşdirən məşhur “Dəmir daban” romanını həvəssiz oxumuşdum. Çətinliklə xatırladığım kitabı indi sevə-sevə əlimə götürürəm və bu dəfəsə oxumağa gözlərimin gücü çatmır. Böyük və təkrarsız Cek Londonun təqdimatında oliqarxiya nədir, hələlik bilməyəcəm. Amma ölkəni idarə edən bu ağır merətin bizə necə günlər yaşadıb gözlərimizi erkən qaraltdığını yaxşı bilirəm. Bu haqsızlıqlara susmaqdan çat vermiş mənliyimizlə uşaqlarımıza xəcalətli nümunə olduğumuzu da.

Amma dünya yalnız sizin ətrafınızda fırlanmaq üçün bir-birini didən manqurtlardan ibarət deyil. Bir gün qaydalar dəyişəcək, cənab oliqarxlar. O zaman üçün bir-iki sadə peşə öyrənin ki, fırlanmaq üçün növbəyə duranda darıxmayasınız. Həm də əliniz heç olmasa gec də olsa faydalı bir işə yatsın…