Atasını oğru sayan məmur övladı kimdir?

alovset-eliyevHüquq müdafiəçisinin «facebook» statusuna sözardı

Bugünlərdə tanınmış hüquq müdafiəçisi Əlövsət Əliyev öz “facebook” səhifəsində belə bir status paylaşdı. “Atası nazirliklərdən birində müavin vəzifəsində işləyən bir gənc mənə müraciət edib. Yazıb ki, atamın rəsmi əmək haqqı 1400 AZN-dir. Lakin o hər gün evə bu məbləğdən dəfələrlə çox pul gətirir.

Onun qanunsuz fəaliyyətinə görə evdə daim əsəb və qorxu hökm sürür, özümüzü oğru kimi hiss edirik, hərəkətlərimə qoyulan məhdudiyyətlərə dözə bilmirəm. Evdə rəsmiyyət o həddədir ki, özümüzü dövlət idarələrində olan şəxs kimi hiss edirik. Anam da bu vəziyyətdən boğaza yığılıb. Bu vəziyyətə dözmədiyim üçün atamdan imtina etmək və sərbəst yaşamaq istəyirəm. Bunun qaydasını izah etməyimi xahiş edir. Bu məlumatı ondan icazə alaraq paylaşmaq qərarına gəldim. Ailə üzvlərindən imtina kimi zərərli halların təbliği ilə məşğul olan uzunqulaqlar bilməliydilər ki, bir gün bu zərərli hallar vərdişə çevriləcək və növbə onlara da çatacaq”.

Bəli, hansısa nazir müavinin oğlu atasının oğru, quldur olduğunu dərk edib, bunun yanlış olduğunu anlayıb və ölkədən qaçmaq qərarına gəlib. Əslində baş verənlər təbiidir. Həmişə qanunsuzluğun, harınlığın, oğurluğun sonu fəlakətlə bitib. Azərbaycan reallığında isə iri məmurlar bütün sədləri aşıblar. 1500-2000 manat əmək haqqı alan məmurlar  milyonlara sahiblənir, biznes imperiyası yaradır və bu talançılıq artan xətt üzrə davam edir.

Bəs, məmur övladını belə bir addım atmağa nə vadar edir?

Əvvəla, bu gün ölkə sərvətlərini mənimsəyən məmurlara birmənalı münasibət var. Sadə vətəndaşlar bu adamları oğru, quldur kimi qəbul edir. Insanların içində bu sərvət oğrularına dərin nifrət var. Məhz buna görədir ki, hansısa vəzifəli şəxs kürsüdən salınanda hamı sevinir, insanlar təsəlli tapır, stress atır və s.

Görünür, bu məmur oğlu da atasına olan münasibəti hər gün daha aydın şəkildə görür və bundan kompleks keçirir.

Ikinci səbəb adamların müşahidə etdiklərindən doğur. Həmin məmur oğlu görür ki, atasından böyük vəzifə tutan şəxslər, dünənə qədər meydan sulayanlar bu gün “vətən xaini” kimi təqdim edilir, bütün yaxınları həbs olunur, yığdığı var-dövlət əlindən alınır və s. Yəni normal düşüncəyə sahib olan övlad dərk edir ki, atasının tutduğu bu yol uçuruma aparır və bu ölkədə onun gələcəyi üçün sığorta yoxdur.

Başqa bir səbəb yüksək təhsillə bağlı ola bilər. Belə ki, demokratik, hüquqi ölkələrdə təhsil alan məmur övladları ölkəyə qayıdanda ziddiyyətlərlə qarşılaşır. Başa düşür ki, bunun ailəsi cinayətlə məşğuldu, rüşvətxordu, insanların həyatını zəhərə çevirir. Təsəvvür edin ki, həmin məmur oğlu  Avropada hüquq təhsili alıb, hamının qanun qarşısında eyni olduğunu düşünür. Amma onu da başa düşür ki, haram pullarla böyüyüb, sabah cəmiyyət arasında rüsvay ola bilər. Belə bir ehtimal adamı ölkədən qaçmağa məcbur edir.

Yaxud hansısa iri məmurun övladı dinə meyl edir, inanclı adamlarla ünsiyyət qurur, haqq-ədalət axtarışına çıxır. Bu adam dərk edir ki, atası böyük günahlar edir, Allahsızdı, yetimin haqqın yeyir. Ona görə də oğulluqdan imtina edir, atasına görə utanır.

Içində bir balaca vicdanı olan insan hansısa ləyaqətli insanın şərlənərək həbs olunmasından, ailə-uşağına həsrət qalmasından, kiminsə mülkünün əlindən alınmasından narahat olmalıdır. Bizim ölkədə bu hallar kütləvi şəkil alıb və bu halları törədənlər kiminsə valideynidir. Deməli, bu ölkədə xeyli övlad var ki, ya atasının cinayətkar, saxtakar olduğunu bilir, ya da biləcək.

Demək istəyirik ki, belə hallar hələ çox olacaq. Hələ çox övladlar atasının yaratdığı cəhənnəmdən xilas olmaq istəyəcək. Əlövsət Əliyevə müraciət edən məmur övladı da bu qədər pulun əhatəsində rahatlıq tapa bilməyib. Görünür, bu acgöz məmurlar ölkənin sərvətlərini talan eməklə təkcə ailələrinə xoş gün nəsib etmirlər, həm də ailələrini xoş günlərdən məhrum edirlər.

Bəli, milyonlarla insanın bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. Bu xoşbəxtlik bir gün ağır bədbəxtliklə əvəz olunacaq.

Yəqin ki, Əlövsət Əliyevə müraciət edən həmin şəxsin hansı məmurun övladı olduğu bilinəcək. Yəqin ki, biz hamımız onu tanıyırıq. Əgər nazir müavini bu qədər var-dövlət oğurlayırsa, daha yüksək vəzifə tutanların “nəmər”ini təsəvvür etmək çətin deyil.

Samir