Eldar Mahmudovun  bilərzikləri

qanimatzahid-yeni“Xüsusi xidmət” kimə xidmət etməyi nəzərdə tutur?

Qənimət Zahid

Akif Çovdarovun həbsxanası varmış… Eldar Mahmudovun 80 qohumu təkcə bir nazirlikdə aşkar edilib və işdən kənarlaşdırılıb… Ifadəsi alınan sahibkarlar bildiriblər ki, Akif Çovdarov onlara işgəncə verib və ya şantajla hədələyərək pullarını alıb… Əldə edilən məlumatlar sübut edir ki, Akif Çovdarov bu proseslərdə yalnız MTN-in zəhmindən deyil, həm də MDB ərazisində kriminal şəbəkənin xidmətlərindən istifadə edib…

Bunlar dəhşətli xəbərlərdir, eləmi?

Bəs bu necə xəbərdir?

“27 mart 2012-ci il tarixdə Akif Çovdarova general rütbəsi verildi”. 27 mart 2015-ci ildə, general rütbəsi aldıqdan tam olaraq 3 il sonra Akif Çovdarov “Vətənə Xidmətə görə” ordeni ilə təltif edildi…

“İcazə verin, onu ölümdən xilas edək”

aqilxelil-fransa3

Məsələni Akif Çovdarovun üstündə fokuslaşdırmaq istəməzdim, amma iş elə gətirib ki, Akif Çovdarov Azərbaycan Milli Təhlükəsizlik sisteminin ümumi obrazına çevrilib. Orada nə zamanlarsa peşəkar çekistlərin olduğu barədə danışırdılar. Bəlkə də olub, deyə bilmərəm. Doğrusunu, keçmiş nazir Namiq Abbasov bilər, o da müsahibə verməz. “Çekistlər susurlar”. Milli Təhlükəsizlik Nazirliyi Akif Çovdarova bir neçə günü və ayın ərzində oxşamayıb. Bu nazirlik 10 il ərzində bu simanı qazanıb və dövlətə rəhbərlik edənlər bu mutasiyanı hiss etməyiblər. Ilk növbədə ona görə ki, onlar Milli Təhlükəsizlik və bütün başqa Nazirliklərə özlərinin qanunsuz sifarişlərinin icraçıları kimi baxıblar. “Öldür və qanlı köynəyini gətir!”.

Mən Akif Çovdarov olayını “Azadlıq” qəzetinin gənc əməkdaşı və düz əməlli həyat təcrübəsinə də sahib olmayan Aqil Xəlilin həyatını cəhənnəmə çevirdiyi üçün də qabartmıram. Həmin əməliyyatda prezidentdən tutmuş, Akif Çovdarova və ondan aşağıda bütün dövlət aparatı bu gəncin üstünə şığıyır və onu məhv etməyə, sındırmağa çalışırdı. O hadisələri Bayıl türməsindən izləyirdim və əmin idim ki, Aqili sındıra bilməyəcəklər. Ona görə yox ki, Aqil Xəlil Herkules-filan idi. Oan görə əmin idim ki, Aqilin arxasında dayanan ideyalı insanlar onu bütün bu basqıçılardan daha güclü mənəvi mövqeyə çıxara biləcəklər. Prezident ”mənim xəbərim yox idi”- deyə bilməz, çünki o zaman Aqil Xəlilin Azərbaycandan çıxarılmasına yardımçı olmağı şəxsən ondan Fransanın səfiri xahiş etmişdi. “Cənab prezident, sizin ölkənizin bu vətəndaşını burada öldürmək və sındırmaq, məhv etmək istəyirlər və icazə verin, onu özümlə aparım, xilas edim”. İlham Əliyev də “əvət” demişdi. İlham Əliyev bilirdi ki, onun məhv edilməsi əməliyyatını MTN Akif Çovdarova həvalə edib. Amma ona ləzzət edirdi ki, MTN-də belə qırğılar və onlar “Azadlıq” qəzetinin əməkdaşlarının boğazını üzmək üçün fürsət axtarırlar. Fransa səfirinin xahişi isə onu qətiyyən mütəəssir etməmişdi! Bu, sadəcə olaraq, Aqil Xəlilin ölkədən çıxarılmasına razılıq deyildi, daha çox, Milli Təhlükəsizlik Nazirliyinin ölkə vətəndaşlarına qarşı bu cür vəhşi və quldur basqınlarının sanksiyalaşdırılması idi. Fransa səfirinin bir Azərbaycan vətəndaşının ölkədən çıxarılması və daha təhlükəsizlik ölkəyə aparılması xahişi isə dünyanın bütün prezidentlərini utandırardı.

Qohumu olmayan bir nazir…

eldar-mahmudov2

Amma MTN-lə qurtarırmı?

Azərbaycanda hansı nazirin özünün rəhbərlik etdiyi nazirlikdəki qohumlarının sayı 80 nəfərdən azdır?

Indi Eldar Mahmudovun kölgəsini qılınclayan iqtidaryönlü qəzetlər və digər ruporlar: cəsarətiniz çatarmı, Nazirliyində 80 nəfərdən çox qohumu işləyən bütün nazirlərin adlarını yazmağa?! Mən onların hamısının adlarını yaza bilərəm.

Amma axı, sizin məlumatlarınız daha çoxdur!

Eldar Mahmudov bir güc strukturunun rəhbəridir və onun ehtiyacı yarana bilər ki, başqa bir yerdə də qeyri-rəsmi təcridxana qursun və qanunsuz olaraq saxladığı sahibkarları orada danışdırsın. Amma bilirsinizmi ki, indi ömürlük cəza alıb Qobustan qapalı həbsxanasında saxlanılan dustaqların ən azı, 50 faizinin hər biri bir nazirin və ya iribuynuzlu dövlət məmurunun dustağıdır. Onların gözdən-könüldən uzaq təcridxana tikmək ehtiyacları olmayıb. Məhkəmə hökmlərinə təsir ediblər və məsələn, Cinayət Məcəlləsi üzrə 10 il-15 il həbs cəzasına uyğun cinayət törədənləri ömürlük həbslə lənətləyiblər. Çünki hansısa nazirin yaxın qohumuna əl qaldırıb, hansısa icra başçısının bir əzizinin evini talayıb, yaxud bir yaxın adamını öldürüb və sairə. Aslan Aslanov olayını misal çəkə bilərəm, amma bunu hər kəs bilir.

Indi kimlərsə hesablaya bilərmi ki, İlham Əliyevin nə qədər qohumu yüksək dövlət vəzifələri tutur və ya böyük biznesi fırladır?! Elə bilirsiniz, Eldar Mahmudov öz qohumlarını vəzifələrə dolduranda bunu prezidentlə məsləhətləşmədən edib? Təbii, hər bir qohumuna vəzifə verəndə onlar üçün bir-bir icazə almayıb. Amma bu proteksiya sanksiyalaşdırılıb! Prinsip olaraq, qəbul edilib. Dövlət vəzifələrinə bəlli klanlara daxil olan insanlar təyin edilməlidir. Çevrəni daraltmaq üçün hətta nazirlərin, icra başçılarının və bu qəbildən olan başqalarının bir-biri ilə qohumlaşması da xüsusi “siyasi prinsip” olaraq qəbul edilib.

Bu, çevrəni daraltmaq və qapatmaq üçün lazımdır. Daralmış və qapadılmış çevrəyə nəzarət etmək daha rahat olur.

Yalançı kütlük və gerçək heyrət!

akif covdarov

Ölkədə bütün hakimiyyət yalnız bir nəfərin əlində cəmləşəndə və həmin əl heç kimi vecinə almadan istədiyi hoqqanı çıxaranda bunun fəsadları “Eldar Mahmudov” və ya “Akif Çovdarov”,.. şəklində zühur etməlidir. Buna görə də, indi bu əcinnə ovu, daha çox bir komediyaya bənzəyir. Hamının hər şeydən xəbəri var, hamı özünü kütlüyə vurur və hətta yalandan heyrətlənir. “Nida” işarələrinin biri bir qəpik. Amma indi həmin hakimiyyət dairələrində elə cinayətlərin sorağı dolaşır ki, Eldar Mahmudov olayı onların yanında heç nədir, multfilmdir!

Iki il əvvəl Türkiyədə Azərbaycanın güc nazirlərindən birinin müavini ilə görüşdüm. Təsadüfi görüş idi, amma oturub bir stəkan çay içib söhbətləşdik. Adam dəhşətlə bildirirdi ki, günlərin birində bizim hansı işlərlə məşğul olduğumuzun üstü açılsa, dərimizə saman təpsələr də azdır. Məncə, həmin adam yenə də, elə həmin vəzifədə işləyir və dərisi də hələ üstündədir, nüfuzu da bir az genişlənib…

“Akif Çovdarov Rusiyada taxta-şalban biznesi qurub və ölkədə bu monopoliyaya nəzarət edib”.

Azərbaycana mal gətirən və mal aparan nə qədər sahibkar var? Onların hamısı yaxşı bilir ki, monopoliyalar ən yüksək səviyyədə bölünür, nizamlanır və tənzimlənir. Bu monopoliyaların və monopolistlərin hamısının siyahısı prezidentin stolunun üstündədir! Bu bölgüyə o nəzarət edir! Akif Çovdarov da, başqaları da bu iradənin xaricində heç bir vəzifə, mükafat və monopoliya sahibləri deyillər.

“O biri nazir haqqını verdi, canını qurtardı”

Az əvvəl başqa bir nazirin qoparağı götürüldü, hətta hakimiyyət mətbuatı da onu urvatsız şəklə saldılar, böyük cinayət siyahıları dərc etdilər, amma nə oldu? Ictimai müzakirələrdə yalnız bir xətt keçir: “Haqqını verib yerində qaldı”. Kimə verdi? Mənə?

Azərbaycanda hakimiyyət bölgüsü olmadığına görə, dövlət aparatı və dövlət adamları heç kimin qarşısında heç bir məsuliyyət daşımırlar. Daş-tərəzi yalnız bir nəfərin əlindədir. Kimin necə işləyəcəyi, kimin nə qədər işləyəcəyi kimi məsələləri nə parlament araşdıra bilər, nə məhkəmə. Yalnız “o” və başqa heç kim! Bu isə bu cür dibsizlikləri yaradır.

MTN-də ot bitəcək

mtn

Indi Milli Təhlükəsizlik Nazirliyi şumlanandan sonra bilirsinizmi, nə olacaq? Yerində alaq otlarından başqa heç nə bitməyəcək.

Köhnə çekistlər yoxdur, onlar dağılışıb gediblər. Yeniləri yetişdirilməyib, ya da Mahmudovsayağı iş üzrə yetişdirilib. Bu korpus ölkənin strateji təhlükəsizliyinin qarşısında sipər ola bilməz və belə bir sipərin yaradılması üçün 10 illərlə zaman lazımdır.

Elə bilirsiniz, ölkənin təhlükəsizliyini yalnız ordu qoruyur? Ordu, fövqəladə hal üçündür. Sülh zamanlarında, bu deməkdir ki, əslində bütün digər hallarda ölkənin təhlükəsizliyini xüsusi xidmətlər qoruyur. Indi xüsusi xidmətin yerində nə qalıb? Deyəsən, o binada bu konsepsiyanı ən yaxşı bilən adam Hacı Məmmədovdur. Qalan hər kəs pul təsərrüfatı ilə uğraşıb. Qanunsuz bir şəbəkənin qurulmasında ya iştirakçı olub, ya da element…

Əgər hesab edirsinizsə ki, üstəlik, bu qədər pərtlikdən sonra da hesab edirsizsə ki, xüsusi xidmətlər cəmiyyətə agentura yeritmək, ictimai-siyasi təşkilatların daxilində təxribatlar yaratmaqla məşğul olmalıdır, o halda o siz, o da sizin prezidentiniz. Gedin, gizlənpaç oynayın!

Akif Çovdarovun da ayaqlarındakı “brasletləri” açın, buraxın getsin işinə.

Bəs, Eldar Mahmudov? Onun harada olduğunu bilirsinizmi? O, indi qanunun dustağı deyil, “qanuni oğru” da deyil. O, indi yalnız bir nəfərin dustağıdır ki, həmin bir nəfər özünün həyata və siyasətə aid yanlış təsəvvürləri ilə yeni fəlakətləri ssenariləşdirməklə məşğuldur.