Nəqliyyat naziri bu post uğrunda mübarizə aparan rəqiblərinin sıradan çıxdığını düşünür
Nəqliyyat naziri Ziya Məmmədov yaxın vaxtlarda baş nazir olacağını düşünür. Bu barədə “Azadlıq”a daxil olan məlumata görə, artıq Ziya Məmmədovun yaxın ətrafı da onu baş nazir hesab edir. Məlumatda bildirilir ki, nəqliyyat nazirinin Artur Rəsizadənin postuna sahib olacağından əminliyi Paşayevlərin hakimiyyətə təsir imkanlarının artmasından irəli gəlir.
Nəqliyyat naziri hesab edir ki, indiki halda Paşayevlər yalnız ona “stavka” edə bilər. Qeyd edək ki, Ziya Məmmədovdan başqa daha 3 məmur – fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və spiker Oqtay Əsədov baş nazir postuna iddialıdır. Ziya Məmmədov bu məmurlar arasında ən ciddi rəqib kimi Kəmaləddin Heydərovu görür. Lakin nəqliyyat nazirinin fikrincə, artıq “fövqəlnazir”in baş nazir olması mümkün deyil. Çünki 2013-cü il prezident seçkisi ilə bağlı hakimiyyət daxilində baş qaldırmış ziddiyyətlərdə Kəmaləddin Heydərov Paşayevlərə əks mövqedə dayanıb. “Fövqəlnazir” Naxçıvan klanının tanınmış siması kimi Paşayevlərin 2013-cü illə bağlı planına qarşıdır. Digər tərəfdən, Ziya Məmmədovda belə qənaət formalaşıb ki, Kəmaləddin Heydərov, hətta birinciliyə iddialı fiqur olduğu üçün onun rəsmən ikinci şəxsə çevrilməsinə heç bir halda razılıq verilməyəcək.
Rövnəq Abdullayevə gəlincə, o, hakimiyyətdəki kürd qruplaşmasına daxildir. Ziya Məmmədov arxayındır ki, Türkiyə ilə münasibətləri yoluna qoymaq istiqamətində müəyyən addımlar atıldığı zaman kürd qruplaşmasında təmsil olunan bir məmurun ölkənin ikinci şəxsinə çevrilməsi müzakirə mövzusu belə, ola bilməz.
Oqtay Əsədovu isə Ziya Məmmədov, ümumiyyətlə rəqib saymır. Doğrudur, spiker Paşayevlərə yaxın şəxs hesab edilir. Amma Ziya Məmmədov ümid edir ki, onunla Oqtay Əsədov arasında seçim edilərkən, regional faktor nəzərə alınacaq. O, şirvanlı olduğu üçün özünü daha şanslı sayır.
Məlumatlarda, həmçinin bildirilir ki, artıq Ziya Məmmədovun ətrafı Nazirlər Kabinetindəki vəzifələri də bölüşdürüblər.
Informasiya şöbəsi