“Baş verənlər Zülfüqarlı qardaşlarının işi ilə bağlı üç məmuru məhkəməyə verməyimlə bağlıdır”
Tanınmış vəkil Aslan İsmayılov dünən Vəkillər Kollegiyasına dəvət olunub. Bu barədə “Azadlıq”a Aslan İsmayılovun özü məlumat verib. Vəkilin sözlərinə görə, kollegiyada ona Rəyasə Heyətinin qərarı ilə töhmət verildiyi elan olunub.
Aslan İsmayılov cəzanın ədalətsiz olduğunu və sifarişlə verildiyini bildirbi: “Baş verənlər Zülfüqarlı qardaşlarının işi ilə bağlı üç məmuru məhkəməyə verməyimlə bağlıdır. Bu vasitələrlə məni həmin işdən çəkindirməyə çalışırlar. Töhmət elan olunması mənə xəbərdarlıq xarakteri daşıyır, əgər Zülfüqarları qardaşlarının müdafiəsindən çəkilməsəm yəqin ki, şounu davam etdirib məni kollegiyadan xaric edəcəklər”.
Təzyiqlərə baxmayaraq vəkil Zülfüqarlı qardaşlarını sona qədər müdafiə edəcəyini bildirib: “Hesab edirəm ki, tək mən yox, bütövlükdə Azərbaycan cəmiyyəti onları müdafiə etməlidir. Çünki Zülfüqarlı qardaşları Azərbaycanın milli burjuaziyasının nümayəndələridir. Onların fəaliyyəti Azərbaycanın iqtisadi inkişafına, milli burjuaziyanın inkişafına xidmət edir. Fikrimcə, Zülfüqarlı qardaşlarına hücum milli burjuaziyaya hücumdur”.
Xatırladaq ki, Vəkillər Kollegiyasına Aslan İsmayılovdan şikayət verilmişdi. Şikayətçi vəkilin rəhbərlik etdiyi “Viza” hüquq firmasına 500 manat pul ödədiyini, amma firmanın onunla müqaviləyə əməl etmədiyini, lazımi işləri görmədiyini, həmçinin pulu geri qaytarmadığını və onunla kobud davranıldığını iddia edib.



