Rəsul Mirhəşimli partiya sədrinin müşaviri oldu
AXCP sədri Əli Kərimli partiyada yeni təyinatla bağlı sərəncam verib. Sərəncama əsasən Rəsul Mirhəşimli partiya sədrinin müşaviri vəzifəsinə təyin olunub.
Rəsul Mirhəşimli 1968-ci ildə Qubadlı rayonunda doğulub. Bakı Dövlət Universitetinin filologiya fakultəsini bitirib.
Azərbaycan torpaqlarının müdafiəsində, Qarabağ uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.
1989-cu ildən AXC(P)-nin üzvüdür. Qubadlı rayon şöbəsinin Məclis üzvü, Məclis sədri, AXCP Ali Məclisinin üzvü olub. Partiyanın Sədr Aparatında çalışıb, 2000-ci ilin parlament seçkilərində proporsional siyahısı üzrə AXCP-dən deputatlığa namizəd olub.
1993-cü ildən Azərbaycan mətbuatında məqalələrlə çıxış edir. “Azadlıq”, “Cümhuriyyət”, “Ulus” və başqa mətbuat orqanlarında çalışıb.
Qafqaz Müsəlmanları İdarəsində şöbə müdirinin müavini, eyni zamanda QMİ-nin nəşri olan “İslam” qəzetinin Baş redaktoru vəzifəsində işləyib. “Allah dostları” adlı kitabın müəllifidir. Kitabda təsəvvüf dünyagörüşünün tanınmış şəxsləri barədə elmi-maarifləndirici ensiklopedik bilgilər toplanıb. XIII əsrin böyük Azərbaycan mütəfəkkiri Şəmsəddin Təbrizinin “Məqalat” əsərini dilimizə tərcümə edib.
AXCP sədrinin sərəncamında Rəsul Mirhəşimlinin məhz hansı sahə üzrə müşavir təyin edildiyi göstərilməyib. Lakin onun dini inanclı şəxs olması və dini sahəni öyrənib təbliğ etməsi deməyə asas verir ki, Rəsul Mirhəşimli daha çox dini məsələlərlə və cəmiyyətin inanclı kəsimi ilə partiyanın əlaqələrini möhkəmləndirməklə məşğul olacaq.



