Mansur Dav: “Onun gücü bir saniyənin içində bitdi”
“Əgər ölkədə bir inqilab başlayıbsa, demək o ölkənin sistemində ciddi problem olub”
Liviyanın öldürülmüş diktatoru Müəmmər Qəzzafinin “qara qutusu” deyə adlandırılan Liviya İnqilabının Mühafizəçiləri Korpusunun komandanı olmuş Mansur Dav maraqlı açıqlamalar verib. 42 il ölkəsini dəmir yumruqla idarə edən polkovnikin ən yaxınındakı şəxslərdən biri olan Mansur Dav Qəzzafi rejimi və diktatorun son saatlarından danışıb.
Türkiyə mətbuatının yazdığına görə, Qəzzafi dönəmində mühüm postlar tutmuş Dav Misrata şəhərində Müdafiə Nazirliyinin inzibati binasında təxminən 8 saatlıq soruğu-sualdan sonra jurnalistlərə bildirib ki, polkovnik üsyançıların əlinə keçməzdən əvvəl oğlu Mötəəsim Qəzzafiylə birlikdə Sirtdən çıxaraq 30 kilometr cənub-şərqdəki Jarf şəhərinə getməyi planlaşdırıblarmış. Onların əyləşdiyi maşın karvanı da məhz o ərəfələrdə NATO qırıcları tərəfindən bombalanıb.
“Qəzzafi ilə çalışdığım üçün xoşbəxt deyiləm”
Dav Qəzzafinin yaxalandığı zaman qəzəbli olduğunu, NATO qırıcılarının onun əyləşdiyi kanvoya hava zərbələri endirdiyi vaxt ətrafa qışqırdığını və düzgün qərar verə bilmədiyini söyləyib. Diktatora sadiq qüvvələrə komandanlığı da Mötəssim edirmiş. Qəzzafinin “qara qutusu” polkkovniklə birlikdə yaxalalandığını bildirib. Onun sözlərinə görə, Qəzzafi hakimiyyətdə olduğu illərdə ciddi səhv qərarlar verdiyinə üçün acınacaqlı talelə üzləşdi:“Əgər ölkədə bir inqilab başlayıbsa, o ölkənin sistemində ciddi bir problem olduğu aydındır. Əgər bütün liviyalılar küçələrə çıxırlarsa, Müəmmər Qəzzafinin bir səhvi olduğu sözsüzdür. Qəzzafi ilə birlikdə çalışdığım üçün xoşbəxt deyiləm. Onun gücü bir saniyənin içində bitdi. Müəmmər Qəzzafinin məhkəmə önünə çıxmaq istəmədiyini söyləyən Mansur diktatorun varisi sayılan hazırda qaçaq düşmüş Seyfülislam Qəzzafi və kəşfiyyat xidmətinin rəhbəri Abdullah Senussini avqustun 22-də Tripolidən Ben-Validə gedərkən gördüyünü, onlarla birlikdə Ben-Validdə 4 gün qaldıqlarını bildirib. Daha sonra Mansur Dav və Abdullah Senussi birlikdə Sirtə gəlib, Seyfülislam Qəzzafi isə Ben-Valid şəhərində qalıb.
Qəzzafinin gizli saxladığı pulllar haqda məlumatsız olduğunu deyən Mansur Dav Liviyanın kimyəvi silaha sahib olmadığını söyləyib. O, Liviyada olan silahların da BMT nəzarətində olduğunu bildirib. Dav qeyd edib ki, Qəzzafi rejimi devriləndən sonra Liviyada aşkarlanan kimyəvi silahlar Səbra və Jufra şəhərlərində tapılıb.
“Ərdoğan Qəzzafini tək qoydu”
Polkovnikin keçmiş silahdaşı Qəzzafinin Türkiyəyə və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana münasibətindən də danışıb. Onun sözlərinə görə, Liviya diktatoru Türkiyəyə bəslədiyi hörmət qarşılığında Ankaranın laqeyd cavabını aldı:“Türk xalqı ilə bağlı mənfi hissləri yox idi. Rəcəb Tayyib Ərdoğanla münasibətlərindən isə məmnun deyildi. Rəcəb Tayyib Ərdoğan Müəmmər Qəzzafini tək qoydu”.
Diktatorun silahdaşı inqilabından ədalət gözləyir
Mansur Dav yaxalandıqdan sonra hansı hisslər keçirməsindən də söz açıb:“Yaxalanmış və lideri ölmüş bir insanın hansı hisslər keçirməsi gözlənilə bilər?”. Çıxarıldığı məhkəmədən ədalətli qərar gözlədiyini söyləyən Dav bildirib ki, ölkədə baş verən inqilab hər kəs üçün ədalətli olacağına ümid edir. Qəzzafinin sürücüsü Halifa Hanes ilə birlikdə Dav təxminən 12 kvadrat metrlik bir otaqda saxlandıqlarını bildirib.
Keniyalı qadın Qəzzafiyə mühafizəçi yığırmış
Bu arada Qəzzafinin ömrünün son günləriylə bağlı daha bir sensasion məlumat yayılıb. İngiltərənin “The Independent” qəzetinin yazdığına görə, krallıq vətəndaşı əslən keniyalı olan Sara Penfold adlı bir qadın polkovnikin xilası üçün peşəkar mühafizəçilərdən ibarət qrup yaradıb. Cənubi Afrika mənşəli muzdlulardan ibarət qrup Qəzzafini və yaxınlarını mühasirədə saxlanılan Siirt şəhərindən çıxarmalı imiş. Lakin mühafizə dəstəsi Siirt şəhərində olduğu zaman NATO qırıcılarının hədəfinə çevrildikəri üçün rahat hərəkət edə bilməyiblər. Qrupun 2 üzvü öldürülüb onlarla muzdlu isə yaralanıb.
Muzdlulardan ibarət mühafizəçilərin geri qalan qismi isə diktatorun oğlu Seyfülislam Qəzzafinin əmrinə keçiblər. Yayılan məlumatlarda bildirilir ki, Penfoldun Qəzzafiyə yardım etməsi üçün beynəlxalq neft korporasiyalarından biri biri külli miqdarda maliyyə ayırıb. Penfoldun özü isə Qəzzafiylə hər hansı əlaqəsinin olmadığını bildirib. Keniya əsilli qadın afrikalı muzdululardan ibarət mühafizə dəstəsinin qurulmasına yardım etdiyini isə təsdiqləyib.
İnformasiya şöbəsi


