
«İrana o qədər təzyiq etmək lazımdır ki, nüvə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin»
Dünyanın 20 ən güclü ölkəsinin birləşdiyi G-20-nin Fransanın Kann şəhərində keçirilən toplantısına qatılan ABŞ prezidenti Barak Obama, Fransa prezidenti Nikola Sarkozi və Ingiltərənin baş naziri Devid Kameron Irana qarşı təzyiqlərin daha da gücləndirilməsinin vacib olduğunu bildiriblər.
ABŞ prezidenti jurnalistlərə açıqlamasında Iran təhdidinin davam etdiyini və daha da ciddiləşdiyini söyləyib: “Beynəlxalq Atom Enerjisi Agentliyi gələn həftə Iranın nüvə fəaliyyəti haqda yeni hesabat yayacaq. Mən və prezident Sarkozi Irana qarşı indiyə qədər misli görünməmiş təzyiqlərin gücləndirilməsinin vacibliyi ilə bağlı eyni fikirdəyik. Irana o qədər təzyiq etmək lazımdır ki, nüvə fəaliyyətləri ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin”.
Xatırladaq ki, ABŞ Konqresi ötən ay Iranın Vaşinqtonda Səudiyyə Ərəbistanı səfirinə qarşı sui-qəsd cəhdinə dair iddialarla əlaqədar Irana qarşı sanksiyaları sərtləşdirmək qərarına gəlib. Noyabrın 2-də Konqresin Nümayəndələr Palatası ABŞ-ın Irana qarşı maliyyə, neft və nüvə sənayesi sahələrinə təsir göstərəcək sanksiyaların ciddiləşdirilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib.
Qanun layihəsində Iranın neft və qaz sənayesi ilə əlaqədar olan hər hansı bir şəxsə ABŞ-a daxil olmaq üçün viza verilməməsi nəzərdə tutulur. Sənəddə Iranın mərkəzi bankının qlobal maliyyə bazarları ilə əlaqələrin kəsilməsinin nəzərdə tutulduğu maddə də var.
Informasiya şöbəsi
.


