Anar Məmmədli: «Azərbaycan hakimiyyətinin addımları onu sanksiyanın tətbiqinə doğru aparır»
Huquq müdafiəçisi Leyla Yunus AŞ PA-nın budəfəki sessiyasında Azərbaycanla bağlı səsvermə zamanı ölkəmizə qarşı sanksiyaların tətbiq olunmasının gündəmə gələ biləcəyini deyir. L.Yunusun sözlərinə görə, Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi səsə qoyulacaq. O, “Bizim yol” qəzetinə müsahibəsində deyib: “Bu haqda Strasburqda da eşitdim. Ancaq səsvermənin necə gedəcəyi, nə ilə nəticələnəcəyi, bunların nə qədər pul xərcləyəcəyini deyə bilmərəm”. Azərbaycan iqtidarının mafiya kimi işlədiyini deyən L.Yunus ölkədə zorakılıq edən hakimiyyətin daha sonra rüşvət yolu ilə özünə qarşı beynəlxalq münasibətin sərtləşməməsinə çalışdığını deyir: “Hakimiyyət burada hamını basır, döyür və həbsə atır. Sonra da xaricdə çalışır ki, hamını pulla alsın. Artıq bunu təkcə azərbaycanlılar deyil, Avropa Şurası Parlament Assambleyasının nümayəndələri də qeyd edirlər. Mən yüz faiz bilirəm ki, sessiyada Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi səsə qoyulacaq”,- deyə L.Yunus vurğulayıb.
Azərbaycanla AŞ PA-nın münasibətlərində böhranın yaşandığının əyani sübutunun Ştrasserə qarşı münasibətin göstərdiyini deyən Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin fikrincə, 2009-cu ildən indiyə kimi AŞ PA nümayəndəsinin Azərbaycana buraxılmaması, sadəcə olaraq, biabırçılıqdır: “Ştrasserin Azərbaycana buraxılmasına qadağa qoyulması rüsvayçı bir olaydır. Düşünürəm ki, bütün bu məsələlərlə yanaşı eyni zamanda siyasi azadlıqların məhdudlaşdırılması, söz və mətbuat azadlığına basqılar, ”Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının, blogerlər Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsi, “2 aprel”çilərə hökm çıxarılması da müzakirə mövzusu olacaq”.
Azərbaycanda on ilə yaxındır ki, siyasi məhbusların sayının durmadan artdığını deyən A.Məmmədli vurğuladı ki, artıq siyasi məhbusların sayı, hesablamalara görə, 70 nəfərə çatıb. Azərbaycana qarşı sanksiyaların budəfəki sessiyada tətbiq olunacağına gəlincə, A.Məmmədli vurğuladı ki, Ştrasserin özünün kəskin hesabatla çıxışı gözlənilir. Bundan başqa, Azərbaycanla bağlı məsələnin müzakirəsi zamanı da bütün neqativ məqamlar vurğulanacaq: “Azərbaycana qarşı tətbiq oluna biləcək mümkün sanksiyaya gəlincə, bu, əsasən ölkəmizin səsvermə hüququndan məhrum olunmasından ibarət ola bilər. Bunun dəqiq vaxtı bilinməsə də, onu söyləmək olar ki, Azərbaycan hakimiyyəti buna doğru gedir. Hakimiyyətin AŞ PA ilə olan gərginliyi aradan qaldırmaması sonda Azərbaycana qarşı bu cür sanksiyanın tətbiqi ilə yekunlaşa bilər”.
Hikmət