Azərbaycanın 26 şəhər və rayonunda indiyə qədər heç kim ipoteka krediti almayıb
Nemət Əliyev: «Azərbaycanın iri neft pullarını əldə etdiyi dövrdə ipotekaya olan ehtiyaclar ödənmədisə, bundan sonra onu ödəmək ümumiyyətlə çətin olacaq»
Azərbaycan Mərkəzi Bankı yanında “Azərbaycan Ipoteka Fondu” ASC respublikanın ayrı-ayrı şəhər və rayonları üzrə indiyə qədər ipoteka krediti götürmüş ölkə vətəndaşlarının sayını açıqlayıb. Açıqlanan rəqəmlər kifayət qədər maraqlıdır. Bu rəqəmlər bir daha təsdiq edir ki, hökumətin illərdir bəh-bəhlə danışdığı ipoteka siyasəti tam ifalasa uğrayıb. Çünki ipoteka mənzilə real ehtiyacı olan kəsimin tələbatlarını ödəmir. Buna səbəb ipoteka kreditinin bu kəsim üçün əlçatan olmamasıdır.
Rəsmi məlumata görə, indiyədək Fondun xətti ilə 16 627 ipoteka krediti verilib.
Təbii ki, ipoteka kreditlərinin böyük hissəsi şəhərlərdə verilir. Belə ki, Bakıda 12 227, Sumqayıtda 1 641, Abşeronda 921, Gəncədə 650 nəfərə kredit verilib. Bu bütün ipoteka kreditlərinin 93 faizini təşkil edir. Bəzi rayon və şəhərlərdə, o cümlədən Şərur, Balakən, Salyan, Oğuz, Ucar, Sabirabad, Ağcabədi, Ağsu, Xanlar rayonlarında cəmi 1 nəfər ipotekadan faydalana bilib.
Azərbaycanın 26 şəhər və rayonunda indiyə qədər heç kim ipoteka krediti almayıb. Bu rayonların bir hissəsi işğal altında olan ərazilərə düşür (Xankəndi, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa və Zəngilan). Bununla yanaşı, Hacıqabul, Xızı, Kürdəmir, Qobustan, Qusar, Lerik, Masallı, Saatlı və Zərdabdan, eləcə də Naxçıvan Muxtar Respublikasındakı Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli, Sədərək rayonlarında da ipoteka krediti verilməyib.
Iqtisadçı Nemət Əliyev bildirdi ki, ipoteka kreditləşməsi sahəsində vəziyyət çox bərbaddır. N.Əliyev vurğuladı ki, hələ ipoteka kreditləşməsi gündəmə gələndə bu proyektdən büdcə vəsaitlərini mənimsəmək yolu kimi baxılırdı. Ilk dövrlərdə ipoteka kreditləri üzrə faiz dərəcələrinin çox yüksək olduğunu deyən N.Əliyev qeyd etdi ki, şərtlər də çox ağır idi: “Sonrakı dövrdə ipoteka kreditləri verilərkən onun girov təminatı ilə bağlı şərtlər çox ağırlaşdırıldı. Həmin dövr üçün yalnız Bakı şəhərindəki evlər bu tələbatlara uyğun gəlirdi. Məhz bu yanlışların nəticəsidir ki, ipoteka kreditlərinin böyük əksəriyyəti Bakı şəhərində yaşayalarıın payına düşür”.
N.Əliyev onu da qeyd etdi ki, ipotekaların kənd rayonlarına yayıla bilməsi qanunda dəyişikliklə bağlıdır: “Amma bütövlükdə götürəndə əhali bu ipoteka kreditlərindən nə gözləyirdi, əhali bu layihədən nəsə əldə edə bildimi? Azərbaycanın iri neft pullarını əldə etdiyi dövrdə ipotekaya olan ehtiyaclar ödənmədisə, bundan sonra onu ödəmək ümumiyyətlə çətin olacaq”.
N.Əliyevin qənaətincə, bu sahədə olan problemlər əhalinin gözləntilərini yerə vurdu.
Xəyal