«PKK-ya açıq və gizli dəstək verən ölkələr bundan öz payını götürməlidir»
Almaniyada səfərdə olan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu ölkədən terrorla mübarizədə daha çox əməkdaşlıq istədi. Səfər türklərin bu ölkəyə miqrasiyasının 50 illiyi ilə bağlı olsa da, bunu baş nazirin PKK terroruna qarşı yönəlmiş Avropa turnesinin davamı kimi qiymətləndirmək olar. Kansler Merkelin də iştirak etdiyi tədbirdə Ərdoğan kifayət qədər sərt ifadələr işlədib və terrora dəstək verənləri vicdanları qarşısında cavab verməyə çağırıb. Baş nazir yalnız Almaniyadan PKK-ya 6 milyon avro maliyyə dəstəyi verildiyini deyib. Bir qədər əvvəl Fransanı ciddi tənqid hədəfinə çevirən Ərdoğanın terror məsələsi ilə bağlı Avropanın üzərinə getməsi ciddi xarakter alıb. Bu prosesin davam edəcəyini və PKK-ya dəstək verən digər dövlətlərin də Türkiyənin təpkiləri ilə üzləşəcəyini gözləmək olar. Qeyd edək ki, Azərbaycanda da PKK-nın ciddi dayaqlarının olmasına dair faktlar var. Dəfələrlə Türkiyə rəsmiləri də bununla bağlı öz narazılıqlarını dilə gətirib. Belə olan halda, Ərdoğanın Azərbaycan rəhbərliyinə də açıq şəkildə səslənəcəyini gözləmək olarmı?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu baş nazir Ərdoğanın Almaniyada sərt danışması üçün kifayət qədər əsasının olduğunu deyir. Çünki bir çox Avropa dövlətləri PKK-nı terror təşkilatı kimi qəbul etsə də, ona yardım etməkdə davam edir. Hətta bəzi Avropa dövlətləri Türkiyəni zəiflətmək məqsədi ilə PKK ilə gizli anlaşmaya gedir.
Ekspertin fikrincə, Ərdoğanın sərt çıxışından PKK-ya açıq və gizli dəstək verən ölkələr öz payını götürməlidir.
Ekspert daha çox Suriya və Iranla bağlı şübhələrin olduğunu deyir: “Ankara Əsəd rejimi ilə körpüləri yandırıb. Belə ehtimal var ki, bunun qisasını almaq üçün Suriya rejimi PKK-nı yenidən canlandırdı, ona dəstək verdi. Çünki əvvəllər də PKK Suriyada qərar tutmuşdu, Öcalan orda gizlənirdi. Görünür, Dəməşq yenidən o siyasətə qayıdıb. Eyni zamanda Iranın özündə də şübhələr var. Iran Türkiyə ilə dost və qardaş münasibətlərdən danışsa da, altdan-altdan PKK-ya dəstək davam edir”.
Ekspertin sözlərinə görə, hətta Iranın PKK-a ilə müəyyən razılığa gəldiyi də istisna edilmir: “PKK-nın Iran qanadı razılaşma əsasında bu ölkəyə qarşı əməliyyatlarını dondurub. Deməli, Irana qarşı silah işlətməsələr də, bu silah Türkiyəyə qarşı dönür. Tehranın da burda müəyən mənada marağı var”.
Ekspert Ərdoğanın sözlərindən Azərbaycanın da pay götürməli olduğunu deyir. Belə ki, əgər Azərbaycanda hələ də PKK-ya dəstək verənlər varsa, onlar bu barədə ciddi düşünməlidir. Bir gün Türkiyə bunun da hesabını sora bilər. Çünki PKK-ya heç bir yardım gizli qalmır.
Fizzə