İlham Əliyevin “müstəqil siyasət” nağılları

Dəngəsiz, dəyişkən, prinsipsiz, uzlaşmayan siyasətləri ilə tanınan I.Əliyev Ucar “zəhmətkeşləri” qarşısında özünün əski-yeni “strateji doktrinasından” danışıb. “Zəhmətkeşlər” hər yerdə olduğu kimi, Ucarda da I.Əliyevin çıxışını uzun zaman kəsilmək bilməyən sürəkli, gurultulu alqışlarla qarşılayıblar, onun “müstəqil” siyasətini ürəkdən bəyəndiklərini bildiriblər, bu yolda candan, qandan, maaşdan, pensiyadan keçəcəklərinə and-aman eləyiblər. Qarşıdan gələn Qurban bayramı ilə bağlı, yoxsulluq üzündən 30 adamın bir qurbanlıq qoyuna ortaq olduğu Ucar camaatındakı əliaçıqlığa, ürəyigenişliyə baxın: alacaqları qəpik-quruşu belə, dövlət başçısının bir çıxışına qurban eləyirlər!

I.Əliyev Ucar görüşündə bizim Lissabon uğurumuzdan sonrakı ən böyük uğurumuzdan – BMT-nin Təhlükəsizlik Şurasındakı amfiteatrda özümüzə iki illiyə yer eləməyimizdən danışıb. Ucarı alqış səsləri bürüyüb, “Nəqliyyat Ziyanın” qatarları yan-yana düzülüb düz yarım saat fit verib. Axı, biz BMT-ni ələ keçirmişik! Indi BMT yaxasını yüz yerdən cırsa da, biz ondan əl çəkən deyilik: canı çıxsın, Qarabağı qaytarıb bizə versin, ondan sonra ondan əl çəkək!
I.Əliyevin Ucardakı çıxışından seçmələrə baxaq. 1. “Biz dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasında sadiq olduğumuz prinsipləri müdafiə edəcəyik”. Kim bilirsə, I.Əliyevin indiyədək “sadiq olduğu” bircə dənə prinsip göstərsin – pula bağlılıq prinsipindən başqa.
2. “Ilk növbədə ədaləti müdafiə edəcəyik”. Ölkəsində ədalətin atasını yandıran bir dövlət başçısının başqa yerlərdə “ədaləti müdafiə edəcəyinə” inanmaq olarmı?
3. “Biz bütün işlərə ədalət nöqteyi-nəzərindən yanaşırıq”. Elədirsə, nəyə görə ABŞ başda olmaqla demokratik dünya Qəzzafi, Antibəşər Əsədlə I.Əliyevi bir gözdə görür? Nəyə görə başında I.Əliyevin durduğu hakimiyyət komandası milyonlar, milyardlar içində üzür, xalq yoxsulluqdan üzülür? Nəyə görə Azərbaycan xalqına 20-25 faizlə kredit verən I.Əliyev Belarus diktatoru Lukaşenkoya 300 milyon manatlıq krediti faizsiz verir? Qanımızı tökən ermənilərlə sevinə-sevinə danışıqlara gedən I.Əliyev nəyə görə Azərbaycan müxalifətinə bir belə nifrət sərgiləyir? Ölkədəki korrupsiya-monopoliya piramidasının başında duran bir adamın  “bütün işlərə ədalət nöqteyi-nəzərindən yanaşırıq” deməsi nə deməkdir? Xalq nəyə inanmalıdır: gördüyü gerçəyə, yoxsa söylənən yalana?
“Tarazlaşdırmanı”, “balanslaşdırmanı” bir-birinə qatan (bunlardan birincisi fars, ikincisi fransız sözüdür) I.Əliyev bildirir: “Təhlükəsizlik Şurasına səsvermə göstərdi ki, yeganə düzgün siyasət Azərbaycan siyasətidir. Bu, balanslaşdırılmış siyasət deyil. Mən bunu bir daha demək istəyirəm ki, bu, müstəqil siyasətdir”. Hələ lap bugünlərədək I.Əliyev çıxışlarında tez-tez vurğulayırdı: “Azərbaycanın xarici siyasəti uğurlu, balanslaşdırılmış siyasətdir”. “Prinsipə sadiqlik” göstəricisi ortadadır: dünən “balanslaşdırılmış” siyasət yürüdülürdü, bu gün “müstəqil” siyasət yürüdülür. Görünür, bunlar indiyədək – illərdən bəri “balanslaşdırılmış” siyasət yürüdəndə “müstəqil” olmayıblar, indi “müstəqil” olmağa başlayıblar. Bunlar hələ burasını başa düşməyiblər: “balanslaşdırılmış” siyasət yürütmək üçün də MÜSTƏQIL olmaq gərəkdir.
Ancaq… çağdaş dünyada xalqın milyardlarla pulunu oğurlayıb Avropa, Amerika banklarına yatıran diktatorların necə “müstəqil” olduqları indi hamıya bəllidir. Ölkəsində bircə yol düzgün-demokratik seçki keçirməyən, demək, legitim hakimiyyət formalaşdırmayan dövlət başçısının “müstəqilliyinin” nə demək olduğu Mübarək, Qəzzafi görküsündən görükür. Çoxillik hakimiyyətləri boyunca xalqı saymayan, xalqa söykənməyən bu adamlar Barak Obamanın “Getməlisən!” sözüylə biri bir az tez, biri bir az gec “müstəqillik” statusunu itirdilər – seçilmədiklərinə, legitim olmadıqlarına görə!