Yəqin xəbərdən xəbəriniz var: Gədəbəydə KXCP fəalını icra hakimiyyətinin şöbə müdiri döyüb. Sonra da deyirlər, müxalifət radikaldır. Radikal müxalifət də döyülər heç? Döyüləcək adamlar hakimiyyətdə oturmuşkən müxalifətçi döyülürsə, daha bunun harası radikal müxalifətdir?
Dünən bu barədə oxuduğum xəbərdə başqa bir maraqlı detal var idi, hadisə ilə bağlı jurnalistlər Gədəbəy rayon polis şöbəsinin müstəntiqi ilə əlaqə saxlayıblar, müstəntiq də qayıdıb deyib: “Bizim üçün birinci növbədə vətəndaşın sağlıq durumu önəmlidir. Mən Əli Abdullayevlə əlaqə saxladım. Onu indi Şəmkir xəstəxanasına aparırlar…”
Adamın vəzifəsi hadisənin təfərrüatları barədə ilkin məlumat verməkdir, amma o deyir ki, “bizim üçün birinci növbədə vətəndaşın sağlıq durumu önəmlidir”. Sanki müstəntiq yox, həkimdir. Niyə? Çünki döyülən müxalifətçi, döyən də hakimiyyət mənsubu olunca qaydalar dəyişir, döyəni axtarmaq sərf etmədiyinə görə döyülənin sağlıq durumu ilə maraqlanmaq lazım gəlir.
Istər-istəməz soruşursan: deyək ki, 2 aprel mitinqində şüşələri həqiqətən müxalifətçilər sındırmışdı. Bəs onda niyə birinci növbədə pəncərələrə yeni şüşə salmaq haqqında fikirləşmədiniz? Bəs onda niyə birinci növbədə müxalifətçiləri tutdunuz?
Amma indi döyən hakimiyyət mənsubu olunca, bunların vətəndaşa sayğısı, qayğısı necə də fontan vurmağa başlayıb! Guya bunların humanizminə, mərhəmətinə çox inanan var ölkədə. Bu saat xalq sizdən bala istəmir, yetər ki, onun balasına dəyməyəsiniz.
Doğrudur, jurnalistlər müstəntiqdən döyən haqqında da nə tədbir görüldüyü barədə bilgi ala biliblər. Gədəbəyli müstəntiq deyib ki, hazırda şöbə müdirini axtarırlar. Bilirik necə axtarırsınız! Elmarın qatillərini axtaran kimi… Bir baş redaktorun ayağının üstündən maşın sürüb sonra da onu bir torbaya qoyaraq göl qırağına atanları axtardığınız kimi…
Mən əminəm ki, gədəbəyli polislər müxalifətçini döyən şöbə müdirini axtararkən həmin şöbə müdiri öz kabinetində, Heydər Əliyevin iri portretinin altında dövlətçiliyə xidmətin yeni üsul və metodları üzərində düşünməkdədir.
Kimə kələk gəlirsiniz axı? Bu saat döyən müxalifətçi, döyülən məmur olsaydı, Gədəbəy müxalifətçilərinin yarısını içəri salmışdınız. Müxalifətin “vəhşi”, “qəddar” obrazını yaratmaq üçün telekanallarınız növbəyə düzülmüşdü.
Nə isə. Gədəbəydəki döyülmə faktı müxalifətçiləri radikal olmaqda suçlamaqdan ötrü sinov gedənlərə bir dərs olmalıdır. Azacıq vicdanları qalıbsa, ən azı bu suçlamalarına görə xəcalət hissi keçirib üzr istəməlidirlər.
Ya da izah etməlidirlər: niyə bu ölkədə başından bəri müxalifət radikal elan olunur, amma həmişə döyülən də onlardır? Bu necə olur ki, elə həmişə radikal döyülür? Niyə bir dəfə də radikal döymür?
Anarın sualı və Anara sual
Yazıçılar Birliyinin sədri Anar Rzayev “Yeni Müsavat” qəzetinə müsahibə verib. Deyib: “Başa düşmürəm, 25 ildir bunlar Yazıçılar Birliyindən nə istəyirlər?”
Öncə kiçik bir aydınlıq gətirim: “Bunlar” deyərkən Anar müəllim Yazıçılar Birliyinin əleyhdarlarına, ədəbi müxalifətdə dayananlara işarə vurur. 25 il deyərkən də özünün Yazıçılar Birliyinə rəhbərlik etdiyi müddəti nəzərdə tutur.
Qayıdaq Rzayevin sualına: “…Başa düşmürəm, 25 ildir bunlar Yazıçılar Birliyindən nə istəyirlər?”
Anar müəllimin sualına iki cavabım var:
BIR: 25 ildir Yazıçılar Birliyindən nə istənildiyini başa düşməmisənsə, bu bizim yox, sənin problemindir.
IKI: Bəs sənin özün 25 ildir Yazıçılar Birliyindən nə istəyirsən?