Dünən bir məclisdə eşitdim ki, Misir Mərdanov saxta diplomla işləyən müəllimlərin heç də hamısının işdən çıxarılmayacağını söyləyib. Guya onların hər birinin məsələsinə ayrıca baxılacaq və təcrübəli müəllimlər işdə saxlanılacaq. Açığı inanmadım, hətta etiraz da etdim ki, nazir, hər halda, elə söz deməz. Özü açdığı saxtakarlığı özü basdırmaz axı. Həm də son vaxtlar yarımnazir halına düşən Misir Mərdanov üçün bu məsələ, az qala yeganə danışmaq mövzusudur. Amma mənə dedilər ki, söhbət dəqiqdir, üstəlik, söz də atdılar ki, qəzetdə işləyə-işləyə qəzetləri oxumuram.
Dərhal tanıdığım təhsil ekspertlərinə zəng etdim, onlar da bu söhbəti təsdiq etdilər. Daha sonra özümü internetə yetirib axtarış verdim. Bütün rəsmi və qeyri-rəsmi KIV-lər Misir müəllimin bu çıxışını yayıblarmış. “525-ci qəzet”dən sitat: “ M.Mərdanovun sözlərinə görə, hazırda nazirlik tərəfindən orta məktəblərdə saxta diplomla işləyən müəllimlərin aşkar olunması üçün araşdırmalar davam etdirilir: “Biz 15 il işləyən müəllimlərin hamısını çölə tökə bilmərik. Onlarla bağlı fərdi yanaşma əsasında qərar qəbul ediləcək.”
Qəzet davam edir: “Nazir saxta diplomla işləyən müəllimlərlə bağlı mətbuatda yanlış informasiyaların getdiyini də deyib: “Bu məsələ ilə bağlı hər hansı ali məktəbin verdiyi saxta diplomdan söhbət getmir. Söhbət ondan gedir ki, müəyyən işbaz adamlar kabinetdə oturub diplom çap edib, müəyyən adamlara satıblar. Biz bu istiqamətdə çox ciddi addımlar atırıq və atacağıq.”
(http://.525.az/vie.php?lang=az&menu=19&id=36947).
Addımlara baxın. Nazir bir tərəfdən deyir ki, həmin diplomları cinayətkarlar kabinetdə saxta yolla düzəldiblər, digər tərəfdən də, həmin diplomlarla müəllimlik edənlərim heç də hamısının çölə atılmayacağını deyir. Ondakı humanizmə baxın, saxta diplomlu adamları işsiz qoymağa əli gəlmir:
– necə bəyəm, dərs demək hüququ olmayan adamlar yenə də bizim uşaqlara dərs deyəcəklər?
– bəs ali təhsilsiz də müəllim olmaq mümkündürsə, daha camaat niyə müəllim olmaq üçün 4-5 il təhsil alır?
– fərdi yanaşmadan keçib çölə atılmayanlar hansı diplomla işə davam edəcəklər?
– fərdi yanaşma nədir: qanun qarşısında hamı bərabərdirsə, niyə birinin saxta diplomu qalacaq, digərinin yox?
Nəhayət, ortadakı cinayət necə olacaq? Saxta diplom çap etmək saxta pul çap etmək kimidir. Bu işi həyata keçirənlərin arxasınca kim düşəcək? Niyə cinayət işi qaldırılmır? Niyə jurnalisti şərləyib korrupsioner çıxardan prokurorluq bu işin sonuna getmir? Başqa nazirliklərdəki saxta diplomları kim axtaracaq?
Bir sözlə, sonda bəlli oldu ki, deyilənlər doğrudur, cinayətkarlara fərdi yanaşma olacaq və saxta müəllimlər bizim uşaqları oxutmaqda davam edəcək. 15 ildir saxtakarlarla işlədiklərini boyunlarına almaqları bir yana, hələ bu saxtakarlığı davam etdirmək də istəyirlər.
Daha hündürdən yıxmaq üçün
Türkmənistanı gülüş obyektinə çevirən, əcaib hərəkətləri və idarəçiliyi ilə türkmən xalqına zülmlər edən Saparmurat Niyazovun məşhur qızıl heykəli ilə bağlı yenilik var. Türkmənbaşının 2010-cu ildə götürülən bu heykəli yenidən bərpa edilib. Həm də onu daha hündürdə qoyublar. Günəşə görə fırlanan bu sarsaq qızıl heykəl əvvəllər 75 metrlik bir postamentin üstündə yerləşirdisə, indi 95 metrdən baxır. Bunun isə yalnız bir tarixi mənası var. Bu heykəlin daha hündürdə ucaldılması o deməkdir ki, xalq onu bir gün daha hündürdən aşıracaq…