Qədim Kür-Araz mədəniyyəti tarixi

Son Eneolit dövründən erkən Tunc dövrünə doğru

Azərbaycan ərazisindən başlanğıcını götürən Kür-Araz mədəniyyəti Şimali Qafqazdan Mesopotomiyaya, Şərqi Anadoludan Orta Asiyaya qədər geniş bir ərazini əhatə etmişdir. Ilk dəfə Azərbaycanda aparılan arxeoloji qazıntılar zamanı aşkarlandığına görə Kür-Araz mədəniyyəti adlandırılmışdır. Bu, tarix etibarilə son Eneolit və erkən Tunc dövrünü (e.ə. IV minilliyin sonu – III minillik) əhatə edir.
Zaqafqaziyanın Kür- Araz mədəniyyəti yaşayış yerləri orta hesabla 1-2 ha sahəni tutur (Babadərviş, Qaraköpəktəpə, Mişarçay, Cüttəpə və s.). Lakin bəzi Kür-Araz mədəniyyəti yaşayış yerlərinin sahəsi çox böyükdür. Belə ki, Cənubi Azərbaycanda Yanıqtəpə 9 ha sahəni tutur, bu isə Ilk Tunc dövrünün bəzi yaşayış yerlərində əhali kütləsinin cəmləşməsini və bir çox əsrlər ərzində arasıkəsilməz həyat tərzini əks etdirir.
Azərbaycanda Kür-Araz mədəniyyəti qəbilələri eneolit dövründə tərk edilmiş bəzi yaşayış yerləri ərazisində məskunlaşmışlar. Naxçıvanda I Kültəpə, Ovçulartəpəsi, Qazaxda Babadərviş, Cənubi Azərbaycanda Göytəpə və Yanıqtəpə belə yerlərdəndir. Azərbaycanın digər ilk tunc dövründə yaşayış yerləri yeni ərazilərdə bina olunur. Bunlardan Qobustan və Mingəçevir, Füzuli rayonunda Qaraköpəktəpə və Günəştəpə, Beyləqan rayonunda Çardaxlıtəpə, Cəlilabad rayonunda Mişarçay, Xaçmaz rayonunda Qəflə təpələri, Dəvəçi rayonunda Sərkərtəpə, Ağcabədi rayonunda Cüttəpə, Bərdə rayonunda Şortəpə, Ağdam rayonunda Qarahacı və s. yaşayış yerlərini göstərmək olar.
Ilk Tunc dövründə, az qala, bütün Azərbaycanın və Zaqafqaziya ərazisinin düzən və dağlıq rayonları əkinçi-maldar qəbilələr tərəfindən tutulur, mənimsənilirdi. Bu dövrdə Mərkəzi və Şərqi Zaqafqaziyanın, Şimal-şərqi Qafqazın, həm də Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adı altında tanınmış vahid maddi-mədəni irsə sahib qəbilələr tərəfindən məskunlaşırdı. Bu mədəniyyət ilk dəfə 1940-cı illərdə, Kür-Araz çayları arasındakı ərazilərdə tapılmış materiallar əsasında müəyyənləşdirilmişdir. O vaxt Kür-Araz mədəniyyətini eneolitə aid edirdilər. Sonralar aydın oldu ki, bu mədəniyyətin hüdudları Kür-Araz çayları arasından çox genişdir, abidələri isə e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.
Eneolit dövründən ilk tunc Kür-Araz mədəniyyətinə keçidi bilavasitə əks etdirən abidələr demək olar ki, hələ məlum deyildir. Ancaq bəzi abidələrdə onları bir tərəfdən Kür-Araz mədəniyyətinə, digər tərəfdən eneolit mədəniyyətinə bağlayan materiallara rast gəlinir.
Kür-Araz mədəniyyəti yayılan ərazidə müxtəlif etnik birləşmələr yaşayırdı. Bu mədəniyyəti bir sıra qədim etnoslara, o cümlədən qədim Ikiçay arasının şimalında yaşamış hurri tayfalarına mənsub olduğunu qeyd etmişlər. Eyni zamanda, Kür-Araz mədəniyyəti ərazisində ən qədim türk dillərində danışan etnik birləşmələrin da yaşaması ehtimalı irəli sürülmüşdür.
Azərbaycanda bu dövrün bir sıra dəfn abidələri Xankəndi yaxınlığında və Göygöldə, Mingəçevirdə, Mil düzündə, Daşkəsən rayonunda, Şəmkir rayonunda Osmanobuzda, Tərtər rayonunda Borsunluda, Astara rayonunda Telmankənddə tədqiq edilmişdir.
Kür-Araz mədəniyyəti yaşayış yerlərinin, o cümlədən Azərbaycan abidələrinin memarlığında, eneolit dövründə olduğu kimi, ən çox dairəvi planlı evlər inşa edilirdi. Lakin bəzi yaşayış yerlərində düzbucaqlı formalı evlərə də rast gəlinir. Belə kərpic evlər Göytəpədə aşkar olunmuşdur. Yanıqtəpədə belə evlər dairəvi planlı tikililəri əvəz edir və burada uzun müddət inşaatda vahid forma olaraq qalır. Eyni vəziyyət Qaraköpəktəpə yaşayış yerində də qeydə alınmışdır.
Yeni tipli yaşayış evləri
Inşaatda adi formalı kərpiclər işlədilirdi. Kültəpə, Yanıqtəpə və Mişarçay evlərində kərpiclərin düzülüş texnikası maraq doğurur. Bir cərgədə kərpiclər cüt-cüt divar boyu uzununa, o biri cərgə isə divarın eninə düzülmüşdür. Babadərvişdə evlərdən birinin mərkəzi hissəsində dirək çalası, döşəməyə basdırılmış gil manqal və möhrədən düzəldilmiş kürsünün varlığı aşkar olunmuşdur.
Evlərin divarları və döşəmələri adətən gillə suvanırdı. Qaraköpəktəpənin ilk tunc dövrü təbəqəsində, ötən dövrün bəzi yaşayış yerlərində olduğu kimi, evlərdə gillə suvanmış döşəmələrə qırmızı şirə çəkilməsi halları qeydə alınmışdır. Adətən yaşayış otaqlarının mərkəzi hissəsində gil manqallar yerləşdirilirdi. Kültəpə və Yanıqtəpə yaşayış yerlərinin bəzi evlərində divar dibində qurulmuş sobaların varlığı maraq doğurur. Onların iç hissəsində istiliyi çox saxlayan qum qatı və alovun cərəyan etdiyi kanallar vardır.
Yanıqtəpə yaşayış yerində ikimərtəbəli evlərin aşkar olunması, şəksiz, böyük əhəmiyyət kəsb edir. Orada xüsusi məqsəd daşıyan yataq səkiləri, taxçalar və taxıl kəndisi olmuşdur. Evlərin divarlarında asılmış gön və dərilərin izləri qalmışdır. Bütün bunlar Yanıqtəpə əhalisinin məişət mədəniyyətinin nisbətən yüksək inkişafına dəlalət edir. Kür-Araz mədəniyyəti qəbilələrinin iribuynuzlu heyvanları qoşquda istifadə etməsi bir sıra faktlarla təsdiq edilmişdir. Belə faktlar öküzləri qoşquda təqlid edən gil fiqurlar, bəzən oxla birlikdə tapılan təkər modelləridir.
Azərbaycanda Kür- Araz mədəniyyəti yaşayış yerlərindən suvarma şəraitində becərilən dən qalıqları əldə edilmişdir. Kür-Araz mədəniyyəti qəbilələri buğda və arpa, darı və kətan, paxlalı bitkilərdən noxud (nut) becərirdilər. Noxud Kültəpə və Babadərvişdən tapılmışdır. Kür-Araz dövrü yerli filiz yataqlarının geniş istifadəsi və metalişləmə sənətinin yüksək inkişaf səviyyəsi ilə xarakterizə olunur. Azərbaycanda zəngin Gədəbəy, Dağlıq Qarabağ və Balakən mis mədənləri məlumdur. Kür-Araz mədəniyyəti abidələrində ayrı-ayrı külçə əridilən obyektlərin aşkar olunması Ilk Tunc dövründə Zaqafqaziyada mis-mədən yataqlarının istismarını aydın sübuta yetirir.
Azərbaycanın bir çox yaşayış yerlərindən metal istehsalı ilə bağlı olan müxtəlif əşyalar geniş şəkildə təmsil olunmuşdur. Onlar başlıca olaraq mis-mərgmüş qatışığından ibarət tuncdan hazırlanırdı, ancaq tək-tək məmulatların tərkibində qalay qatışığı vardır.
Qafqazda mis-tunc metallurgiyasının yaranmasında və inkişafında Ön Asiya ölkələrinin, görünür, müəyyən təsiri olmuşdur. Lakin Kür-Araz mədəniyyəti dövründə Qafqaz Avrasiyada müstəqil və mühüm metal istehsalı mərkəzlərindən birinə çevrilir.
Sənətkarlıq sahələrindən arxeoloji materiallarla daha zəngin dulusçuluq təmsil olunmuşdur. Ilk Tunc dövrü abidələrində sözün əsl mənasında hələ gil qabların hazırlanması ilə əlaqədar istehsal ocaqları aşkar olunmamışdır. Kür-Araz mədəniyyəti abidələrinin saxsı məmulatında ornament xüsusi maraq doğurur. Burada qabarıq, basma və cızma üsulu ilə verilmiş cüt spirallara, konsentrik dairələrə, rombvari, üçbucaqvari naxışlara, sxematik quş və heyvan rəsmlərinə və s. təsadüf olunur.
Sənətlərin inkişafı
Dulusçuluq sənətinin inkişaf səviyyəsi müxtəlif formalı kiçik miniatür camlardan tutmuş taxıl saxlanan iri qablaradək özünü əyani surətdə göstərmir. Səciyyəvi formalar çölmək, bardaq, xeyrə, parç, qazança və sairədən ibarətdir. Həmin vaxtda yarımkürə qulplu gil qapaqların geniş istehsalı başlanır və Kür-Araz mədəniyyətinin səciyyəvi əlamətlərindən birini təşkil edir.
Manqalların, müxtəlif sacayaqların hazırlanması da Ilk Tunc dövrünün saxsı məmulatı istehsalında xüsusi yer tutur. Bir çox başqa səciyyəvi əşyalar kimi onlar da bu mədəniyyətin tənəzzülü ilə istifadədən çıxır.
Kür-Araz mədəniyyəti qəbilələrinin inkişaf etmiş sənət sahələrindən biri də toxuculuq olmuşdur. Ona görə təəccüblü deyil ki, iribuynuzlu heyvanların sümüyündən kəsilmiş və ortasından deşik açılmış iy başlıqlarına hər bir Kür-Araz mədəniyyəti yaşayış yerində təsadüf olunur. Iy başlıqlarını (iyrəcək) bəzən gildən və daşdan düzəldirdilər. Ilk tunc dövründə ipəyirmə sənətində iy başlıqları əsas alət olmuşdur. Dövrün qablarında dəfələrlə parça izlərinə rast gəlinmişdir.
Azərbaycanda və ümumiyyətlə, Zaqafqaziyada ilk tunc dövrü ayin, adət və sairədə yeni xüsusiyyətlərin yaranması ilə səciyyələnir.
Dəfn adətlərində kişiyə pərəstiş aydın müşahidə edilir. Qəbilə başçıları axirət aləminə çox təmtəraqlı mərasimlə müşayiət olunur. Onların qəbirləri üzərində böyük kurqanlar qurulur. Ilk tunc dövründə dəfn adətində də dəyişikliklər baş verir: ölülər heç yerdə yaşayış yeri ərazisində basdırılmır, onlar xüsusi seçilmiş yerlərə aparılırdı. Belə qəbiristanlarda ayrı-ayrı ailə və nəslə aid dəfn abidələri tikilirdi. Belə abidələr, görünür, ailə üzvlərinin ölümdən sonra da yaşamasına inamla əlaqədardır. Xankəndinin qarşısında tədqiq olunan kurqanların hərəsində 40-50 ölü basdırılmışdır. Bu kurqanların qəbirlərində ətrafı kiçik xəndəklə əhatələnmiş, diametri 4,5 m-ə çatan dairəvi meydançalar olmuşdur. Bir çox hallarda ölülərin başı altına gil camlar və ya daş qoyulmuşdur.
Dəfn olunanlar sağlığında istifadə etdiyi əşyalarla, o cümlədən daşdan, metaldan və sümükdən əmək aləti, eləcə də qızıl və başqa bəzək əşyaları, içərisinə azuqə qoyulmuş qab-qacaqla basdırılmışlar. Burada keçi skeletinə də rast gəlinmişdir. Xankəndi kurqanlarının birinin tədqiqi Azərbaycanın Ilk Tunc dövründə bu rayonda yaşamış əhalinin dəfn adətlərinin və dini təsəvvürlərinin maraqlı xüsusiyyətlərini aşkar etdi.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir