Əsəd Ərəb Liqasının “Yol xəritəsi”ni qəbul etdi

Hökumət qüvvələri isə fabrikdə qanlı əməliyyat keçirdi
Suriyada gərginlik davam edir. Hökumət qüvvələri ötən gün daha 19 müxalif fəalı qətlə yetirib. Suriyalı fəalların sözlərinə görə, təhlükəsizlik qüvvələrinin Humus şəhərindəki bir fabrikə hücumu zamanı 18 nəfər, paytaxt Dəməşqin ətrafındakı Haresta bölgəsində də 1 nəfər etirazçı öldürülüb. Müxaliflər, həmçinin təhlükəsizlik qüvvələrinin ölkənin bir çox bölgəsində əməliyyatları davam etdirdiyini bildirib.

Bu arada, ölkədə 7 aydır davam edən qarşıdurmaların qarşısının alınması təkliflərini rədd edən Suriya diktatoru Bəşər Əsədin nəhayət, Ərəb Liqasının təklif etdiyi “Yol xəritəsi”ni qəbul etdiyi haqda məlumat yayılıb. Suriya dövlət televiziyasının yaydığı xəbərə görə, rəsmi Dəməşqlə Ərəb Liqası arasında Suriyadakı mövcud vəziyyətə dair sənədlə bağlı razılıq əldə olunub. Ərəb Liqasının Qahirə toplantısından öncə təşkilat bu xəbəri təsdiqləyib.Razılaşmanın detallarıyla bağlı rəsmi şərh isə Qahirədə təcili təşkil olunacaq Ərəb Liqası xarici işlər nazirlərinin zirvə toplantısında veriləcək. Ərəb Liqasının təklif etdiyi “Yol xəritəsi”ndə ilkin şərt hərbi əməliyyatların dayandırılması və vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Bunun üçün də Suriya ordusunun sakinlərin məskunlaşdığı bölgələrdən çıxarılması tələb olunur.

“Yol xəritəsi”ndə ikinci şərt isə bu ilin fevralından həbsdə olan etirazçıların azad edilməsidir. Təkliflərə necə əməl olunduğuna nəzarət etmək məqsədilə Ərəb Liqasının müşahidəçilərindən ibarət qrupun Suriyaya səfərinə icazə verilməsi də “Yol xəritəsi”nin əsas müddəalarından biridir. Plana əsasən, daha sonra Ərəb Liqasının vasitəçiliyilə Qahirədə Suriya müxalifətilə hökumət arasında dialoqun başlanması da nəzərdə tutulub.

Qeyd edək ki, Suriya hakimiyyəti ilə Ərəb Liqası arasında razılaşdırılmış bu sənəddəki maddələrdən hansıların Əsəd rejimi tərəfindən qəbul edildiyilə bağlı hələlik qeyri-müəyyənlik davam edir. Suriya hakimiyyətinin müxaliflərlə dialoq prosesinin Qahirədə başlanması və dialoq komissiyasına Qətərin sədrlik etməsinə müsbət yanaşmadığına dair iddialar dolaşır.