Öldürülmüş diktator 81 yaşlı gülsatanla nədən yazışıb?
Sədi Qəzzafi Interpola müraciət etdi; BMT rəhbəri gözlənilmədən Liviyaya gəldi
Müəmmər Qəzzafinin oğlu Səid Qəzzafi Interpola səslənərək onun axtarışına son verilməsini xahiş edib. Oğul Qəzzafi bildirib ki, Liviyanın indiki hakimiyyəti onu ədalətlə mühakimə etmək iqtidarında deyil. Əlavə edək ki, sentyabrın 29-da Interpol Səid Qəzzafinin həbsinə order verib.
O, vətənində daşınmaz əmlak fırıldağında, silahla hədələmədə və dinc əhalinin qırğınlarında iştirak etməkdə günahlandırılır. Sentyabrın 11-də Nigerə qaçan Səid Qəzzafinin hazırda ev dustaqlığında saxlandığı bildirilir. Niger hökuməti Liviya hüquq-mühafizə orqanlarının Səid Qəzzafini dindirməsinə şərait yaradacağını, ancaq onu ekstradisiya etməyəcəyini bəyan edib.
Bu arada BMT-nin baş katibi Pan Gi Mun gözlənilmədən Tripoliyə səfər edib. Bu, Liviyada Müəmmər Qəzzafi rejiminin tərəfdarları ilə əleyhdarları arasında silahlı qarşıdurmaların başlamasından sonra Pan Gi Munun Liviyaya ilk səfəridir. Səfərin məqsədi və müddəti hələlik açıqlanmır.
Üsyançıların öldürdüyü Liviyanın 42 illik diktatoruyla bağlı maraqlı məlumatlar yayılmaqdadır. Bu dəfə Qəzzafinin ABŞ-da məktublaşdığı dostu, yəni “məktub yoldaşı”nın olduğu ortaya çıxıb. “Əl Ərəbiyyə” kanalının xəbərinə görə, Nyu-Yorkun Bruklin məhəlləsində yaşayan 81 yaşlı yəhudi gülsatan Luis Şlamoviç Qəzzafi ilə məktublaşdığını söyləyib. “The New-York Post” qəzetinə danışan 81 yaşlı yəhudi Liviyanın keçmiş diktatorunu “yaxşı bir məktub yoldaşı” adlandırsa da Qəzzafinin ölümünə üzülmədiyini bildirib. Ancaq diktatorun ölüm səhnəsini izlədiyi zaman kədərləndiyini də gizlətməyib.
Qəzzafi ilə ilk dəfə 1969-cu ildə hakimiyyətə gəldikdən dərhal sonra məktublaşdığını deyən Şlamoviç məktubun sonunda ondan imzalı bir şəklini istədiyini, diktatorun da buna cavab verdiyini bildirib. Şlamoviç 1981-ci ildə Qəzzafinin ona yeni il kartları göndərməyə başladığını, diktatorla Israil haqqında fikir mübadiləsi də apardığını söyləyib. 81 yaşlı gülsatan 1988-ci ildə “Pan Am” hava yolları şirkətinə məxsus təyyarənin partladılmasından sonra Qəzzafi ilə məktublaşmanı dayandırdığını vurğulayıb.
Liviyada etirazlar başlandıqdan sonra keçmiş “məktub yoldaşı”na kömək üçün yenidən polkovnikə məktub yazdığını söyləyən Şlamoviç göndərdiyi məktubun açılmadan geri qaytarıldığını bildirib. Diktatorun “məktub yoldaşı” “Qəzzafi də Misirin devrilmiş diktatoru Hüsnü Mübarək kimi hakimiyyəti zamanında buraxmalı idi” deyib.
Luis Şlamoviç Qəzzafi ilə yanaşı Hüsnü Mübarək, Iran Islam Inqilabının lideri Xomeyni, Suriya diktatoru Bəşər Əsəd və Fələstinin mərhum dövlət başçısı Yasir Ərafatla da məktublaşdığını söyləyib.


