Sabunçu Polis İdarəsinə gedən yollar bağlandı
Tale Bağırzadə: “Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha şərəflidir!”
Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısında toplaşan etirazçılara müdaxilə olunub. 20-dən çox saxlanılan var. Saxlanılanlar arasında “Müsəlman Birliyi Hərəkatı”nın idarə heyətinin üzvləri Ağaəli Yəhyayev, Elxan İskəndərov, inanclılardan Rza, Azad və digərlərinin olduğu bildirilir. Əraziyə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun şəxsən gəldiyi bildirilir.
“Müsəlman Birliyi Hərəkatı”nın İdarə Heyətinin sədri Elçin Qasımov Maştağada yaşadığı evin önündən polis bölməsinə aparılıb. Onun rəis müavininin maşını ilə qarşısı kəsilib Sabunçu Rayon Polis İdarəsinə aparıldığı bildirilir.
Onun həbsindən xəbər tutan çox sayda inanclı Sabunçu Rayon Polis İdarəsi qarşısında toplaşıb. Onlar MBH-nin idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımovun sərbəst buraxılmasını tələb edir.
Dindarların polis bölməsi önünə toplaşması hakimiyyəti hərəkətə gətirib. Sabunçu Rayon Polis İdarəsi olan əraziyə zirehli avtobuslarla çevik polis alayının əməkdaşları yeridilib. Polislər bölmənin qarşısını boşaltmaq üçün çox sayda dindarı bölməyə aparıb. Etirazçıların bir hissəsi isə ərazidən uzaqlaşdırılıb (İslamazeri.az).
Çox sayda saxlanılanların olduğu deyilir. Sabunçu Rayonu Baş Polis İdarəsinin qarşısına gedən yolları DYP əməkdaşları bağlayıb. Jurnalistlərin ərazidə çəkiliş aparmasına imkan verilmir.
İlahiyyatçı Tale Bağırzadə Elçin Qasımovun saxlanılmasına münasibət bildirib: “Əziz Müsəlmanlar! Bu zalım rejim başını itirib. Bunlar xalqı iğtişaşa doğru çəkirlər. Artıq neçə vaxtdı öz zülmkar mahiyyətlərini ortaya qoymaqdadırlar. İndi də Müsəlman Birliyi Hərəkatının idarə heyətinin sədri, ilahiyyatçı Elçin Qasımlı evinə daxil olarkan polis onu saxlayıb. İnanclı insanlar axın-axın Sabunçu Polis İdarəsinə gedirlər. İlahiyyatçı Elçin Qasımlının azadlığı üçün 1000-dən çox vətəndaş Sabuncu Polisinin qarşısındadır. Bir daha qeyd edirəm, ilahiyyatçı Elçin Qasımlıya qarşı hər hansı hüquqazidd adım atılarsa, bunun bədəlini sərt şəkildə ödəyəcəklər. Elçin Qasımlının dərhal, qeydsiz-şərtsiz azad olunmasını tələb edirik! Zillətlə yaşamaqdansa, izzətlə ölmək daha şərəflidir!”.