Sumqayıtda «abadlıq işləri» və yarmarka adı altında toplanan milyonlar hara gedir?
Yarmarkalarda antisanitariya mühiti hökm sürür; qida məhsulları palçığın, toz-torpağın içində satılır; ət satanlardan hər gün mülki geyimli şəxs həkim adı ilə 1 manat haqq alsa da, məhsullar qətiyyən yoxlanılmır
Sumqayıt şəhərinin sakinləri bundan sonra hələ çox illər Vaqif Əliyevin xiffətini çəkəcək. Çünki Gəncədən sözügedən ünvana təşrif buyuran Eldar Əzizov sələfinin atasına rəhmət oxutdurdu…
Sənəddə pulsuz yazılsa da, müdiriyyətə haqq ödənilir
Eldar Əzizovun siyasətinin altında Sumqayıtı “abad”laşdırmaq dayanır. Binaların fasadları yenilənir. Icra başçısının “fasad inkişafı” büdcə pullarını bu yolla silmək məqsədi daşıyır.
Şəhərin mərkəzi ünvanlarından sayılan Sülh küçəsinin sakinləri deyirlər ki, buradakı obyektlər məcburi qaydada bahalı şüşələrlə örtülür. Buna görə də obyekt sahiblərindən böyüklüyündən asılı olaraq 5-10 min manat alınır. Bu işləri isə icra başçısına yaxın olan tikinti şirkətlərindən biri aparır. Sahibkarlara yalnız bu məbləği üç dəfəyə hesaba köçürmək imkanı verilir. Onların əksəriyyəti isə bu şərtlərə razı olmaq məcburiyyətində qalır. Açıq-aşkar xəbərdarlıq edilib ki, əks təqdirdə işləyə bilməyəcəklər. Eldar Əzizov bir gülləylə iki dovşan vurur. Dovşanın biri büdcədən “abad”lığa ayrılan puldur ki, onu cibinə qoyub sahibkarların hesabına edir. Ikinci dovşan isə, bütün təmir avadanlıqları onun sahibi olduğu sexdən alınır.
Sumqayıtda olanda Əzizovun can-başla keçirdiyi yarmarkalarla bağlı məlumat topladıq. Kiçik araşdırma zamanı dövlət səviyyəsində təşkil olunan bu yarmarkaların da əhalinin həyat şəraitinin yüngülləşdirilməsinə deyil, onlara daha da problem yaratmağa hesablandığı üzə çıxdı. Hər şənbə günü şəhərin keçmiş trolleybus parkının ərazisində dövlət səviyyəsində açılan yarmarkalarda mal satmaq sənəddə pulsuz olsa da, əslində burada ticarətlə məşğul olan hər kəs bazarın müdiriyyətinə haqq ödəməlidir.
Kənd təsərrüfatı ilə məşğul olan sahibkarların öz məhsulunu birbaşa alıcıya çatdıra bilməsi üçün açılan bu cür yarmarkalarda nə qiymətlər ucuzdur, nə də keyfiyyət yüksəkdir. Bu baxımdan artıq bir neçə ildir fəaliyyət göstərən və hökumətin əhaliyə qayğı kimi sırıdığı bu yarmarkalar ümidləri doğrultmayıb. Ölkənin bir çox şəhər və rayonlarında daha çox gözdən pərdə asmaq üçün açılan digər yarmarkalar kimi Sumqayıtdakı yarmarkada da vəziyyət heç də qənaətbəxş deyil. Burada bəzi məhsullar ucuz olsa da, alıcılar tərəzidə aldadılır, ən azı tərəzilərə nəzarət yoxdur. Məhsulların əksəriyyətinin keyfiyyəti isə aşağıdır. Yarmarka əsasən öz məhsulunu satan fermerlər üçün nəzərdə tutulsa da, burada əsas etibarı ilə bazar adamları, dəllallar alver edir ki, onlar da məhsulu bir qayda olaraq rayonlardan yox, elə topdansatış mərkəzlərindən gətirir.
Bazarda mikroavtobuslardan mal satanlardan yerpulu kimi 4-5 manat, böyük yük maşınlarından 5-10 manat, minik maşınlarından isə bir qayda olaraq 3 manat alınır. Bundan başqa, az yer tutan və az malı olanlardan “insaflı”, 50 qəpik – 1 manat arasında pul yığılır. Haqq həm yarmarkanın içindən, həm də onun çölündən yığılır. Pul yığımı qanunsuz olduğundan (dövlətin və şəhər rəhbərliyinin qərarına görə yarmarkada bir qəpik belə yerpulu verilməməlidir – R.D.) təbii ki, qəbz verilmir.
Pul müqabilində hər cür hoqqabazlıq
Hər həftə yarmarkada ticarətlə məşğul olan yüzlərlə adamdan kifayət qədər böyük pul yığılmasına baxmayaraq, yarmarkanın içi və çölü çox acınacaqlı vəziyyətdədir. Yağışlı-qarlı gündə bura daha da keçilməz hala düşür. Nə əvvəlki icra başçısı Vaqif Əliyev, nə də Eldar Əzizov insanların normal alış-veriş etməsi üçün heç bir şərait yaratmayıb. Yarmarka 15-20 il necə idisə, indi də elədir. Heç bir əl gəzdirilməyib, abadlıq işi görülməyib. Yarmarka daha çox orta əsr feodal-natural bazarlarını xatırladır. Yarmarkada daimi yer almaq və yaxşı yer üçün əlavə və artıq haqq ödəməlisən.
Bundan başqa, orada antisanitariya mühiti hökm sürür. Qida məhsulları az qala palçığın, toz-torpağın içində satılır. Yarmarkada ət satanlardan hər gün mülki geyimli şəxs həkim adı ilə 1 manat haqq alır, ancaq satış üçün daxil olan ət məhsulları qətiyyən yoxlanılmır, sadəcə heyvan cəmdəklərinə yoxlanılıbmış kimi möhür vurulur. Ucuz mal əti adı ilə camış əti satmaq burada adi hala çevrilib. Çox az alıcı mal ətini camış ətindən ayırd edə bilir. Camış əti dana ətindən bir xeyli ucuzdur. Hətta deyilənə görə, bazarda zahirən mal ətindən o qədər də fərqlənməyən at əti də satılır. Yarmarka rəhbərliyi və ərazinin keşiyini çəkənlər pul müqabilində hər cür hoqqabazlığa göz yumur. Ətin bazar bağlanana yaxın, bəzi satıcılarınsa elə bütün günü 4 manata satması bu şübhələrin yaranmasına təkan verir.
Yarmarkada alver edənlərin bir çoxu adi günlərdə Sumqayıtın “Şərq” və “Kolxoz” bazarlarında mal satanlardır. Sadəcə olaraq, adıçəkilən bazarlarda yerpulu çox olduğundan (gündəlik 20-30 manat arasındadır – R.D.) bura satıcıları özünə cəlb edir.
Ümumiyyətlə, bazarlarda kənd təsərrüfatı mallarının baha olmasının əsas səbəblərindən biri də satıcıların xərcinin çoxluğudur. Bu da son nəticədə pis gündə olan əhalinin cibinə bir az da əl uzatmaqdır.
Sumqayıtda digər yarmarka bazar günü şəhərdən uzaqda – Hacı Zeynalabdin (Nasosnı) qəsəbəsində olur.
Ramin DEKO