Cahangir Hacıyevin adı daha bir qalmaqalda

Beynəlxalq Bankın rəhbəri Xəqani Bəşirov adlı iş adamıyla birgə «Kainat» ASC vasitəsilə 4 milyon dollar krediti mənimsəyib

“Azərbaycan Beynəxalq Bankının Şəki filialı Cahangir Hacıyevin keçmiş şəriki Xəqani Bəşirovun rəhbəri olduğu ”Kainat” ASC-yə dörd il ərzindən 4 milyon manat pul ayırıb” – bu sözlərin müəllifi Şahin Əlizadədir.
O, redaksiyamıza ünvanladığı şikayət məktubunda bildirir ki, “Kainat” ASC-nin ən ali orqanı sayılan səhmdarların ümumi yığıncağında qərar qəbul olunmasa da deyilən məbləği çox rahatlıqla əldə etmək mümkün olur: “4 milyon vəsaitdən yalnız bir milyon manatı səhmdar cəmiyyətə yatıran şəxslər qalan pulları mənimsəyiblər. Kreditin alınmasına dair səhmdarların müraciət etməməsi onu göstərir ki, onlar öz əmlaklarını girov qoymayıblar. Kreditlər geri qaytarıla bilmədiyi təqdirdə təminat kimi səhmdar cəmiyyətin əmlakını bu il mayın 1-də banka girov qoyublar. Cahangir Hacıyev-Xəqani Bəşirov cütlüyünün rəhbərliyi altında alınıb xərclənən vəsaitlərə görə minor səhmdarlardan bəziləri öz əmlakları ilə məsuliyyət daşımağa etiraz edərək məhkəməyə müraciət ediblər. Məhkəmə zamanı bəlli olub ki, ”Kainat” ASC-nin idarə heyətinin sədri heç bir girov müqaviləsinə imza atmayıb”.
“Beynəlxalq Bankın Şəki filialında hərc-mərclik hökm sürür. Beynəlxalq bankın Şəki filalı girovun kiminlə bağlanması ilə bağlı müqavilənin surətini məhkəməyə təqdim etməkdən boyun qaçırır. 4 milyon manata yaxın vəsait səlahiyyətsiz şəxslərə verilib. Üstəlik onlardan heç bir girov tələb edilməyib. Onların belə bir addım atması, yəni, pulun böyük bir hissəsini mənimsəməsi başadüşüləndir” – deyə, Şahin Əlizadə məktubunda qeyd edir.
O bildirir ki, Şəki filialında geri qayıtmayan borcların məbləği 47 milyon manat təşkil edir: “Yəqin digər kreditlər də təminatsız verildiyindən onları geri qaytarmaq mümkün deyil. Ancaq ”Kainat” ASC-nin minor səhmdarları ayrılan vəsaitləri Hacıyev-Bəşirovla birgə xərcləməyiblər. Ona görə də, minor səhmdarlar dəymiş ziyan kimi onların əmlakının girov kimi qoyulmasıyla razı deyillər”.
Iş adamı Xəqani Bəşirovun Beynəlxalq Bankdan 220 milyon dollar kredit alması, mənimsəməsi, həbs edilməsi və müəmmalı şəkildə azadlığa buraxılması barədə mətbuatda dəfələrlə yazılıb. Xatırladaq ki, 220 milyon dollar krediti mənimsəyən X.Bəşirovun barəsində ötən il sentyabrın 12-də Xətai Rayon Məhkəməsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ancaq həmin ilin dekabrında o, müəmmalı şəkildə azadlığa buraxılıb və ölkəni tərk edib.

Ramin DEKO