Leyla Yunus həbsxanada döyülüb – vicdan məhbusu boynundakı iri qançırları göstərdi VİDEO

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı, tarixçi alim Arif Yunusun apellyasiya şikayəti üzrə ilkin baxış iclası dünən davam etdirilib. Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə keçirilən iclasda Leyla və Arif Yunuslar zaldakı səskeçirməz şüşə kabinəyə salınıb. Leyla Yunus kabinəyə daxil olandan məhkəmənin sonuna qədər həyat yoldaşına sığınaraq ağlayıb. Hüquq müdafiəçisinin səsi zalda eşidilməsə də, o, boğazındakı iri qançırları məhkəməni izləyənlərə göstərib. Leyla Yunus işarə ilə izah etməyə çalışıb ki, onu vurub bu cür xəsarət yetiriblər.

Məhkəmə iclasını izləyənlər arasında jurnalistlərlə yanaşı, səfirliklərin, beynəlxalq təşkilatların da nümayəndələri var idi.

Leyla Yunusun vəkili Elçin Sadıqov zərərçəkmişin nümayəndəsi qismində prosesdə iştirak edən Şöhrət Allahmanova etirah edib. Vəkil bildirib ki, iş materiallarında Şöhrət Allahmanovun nümayəndə qismində iştirakı üçün ona verilən etibarnamə var. Amma həmin etibarnamədə konkret şəkildə göstərilib ki, yalnız Bakı Ağır Cinayətlər Məhkəməsində iştirak üçün verilir. Bu baxımdan, Allahmanovun Bakı Apellyasiya Məhkəməsindəki prosesdə nümayəndə kimi iştirak hüququ yoxdur.

Leyla Yunusun digər vəkilləri Ramiz Məmmədov və Elçin Qəmbərov da həmkarının vəsatətini müdafiə edib.

Elçin Sadıqov ardınca daha iki vəsatət qaldırıb. Bunlardan biri Leyla və Arif Yunuslar barədə həbs-qətimkan tədbirinin dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunması barədə olub. Digər vəsatətində isə vəkil apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyib.

İş üzrə dövlət ittihamını müdafiə edən prokuror Hafiz İmranov vəsatətlərin əleyhinə çıxıb və işin məhkəmə baxışına verilməsini, apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılmasını istəyib.

Məhkəmənin qərarı da prokurorun mövqeyinə uyğun olub. Qısa müşavirədən sonra hakim Vüqar Məmmədov ilkin baxış iclasının qərarını elan edərək bildirib ki, vəsatətlərin heç biri təmin olunmur. İş üzrə məhkəmə baxışı təyin olunur. Apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxılacaq.

Məhkəmə baxışı noyabrın 12-nə təyin olunub.

Məhkəmə iclasından sonra jurnalistlərə açıqlama verən vəkil Elçin Sadıqov Leyla Yunusun döyüldüyünü, boynundakı qançırların da döyülmə izləri olduğunu bildirib.

Xatırladaq ki, Leyla Yunus ötən il iyulun 29-dan, Arif Yunus isə avqustun 4-dən həbsdədir. Onlara qarşı vergidən yayınma, qanunsuz sahibkarlıq, dələduzluq kimi ittihamlar irəli sürülüb. Bu il avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Yunus 8 il yarım, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Yunuslara qarşı dövlətə xəyanət ittihamı isə ayrıca icraata götürülüb.

Lakin yerli və beynəlxalq təşkilatlar Yunusların insan haqlarının müdafiəsilə bağlı gördükləri işlərə, həmçinin hökuməti tənqid etdiklərinə görə həbs olunduğu qənaətindədir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Leyla və Arif Yunusları vicdan məhbusu kimi tanıyıb.

Aytən Məmmədova