Hollandiyada yaşayan hüquqşunas Ataxan Əbilov Facebook səhifəsində Qarabağ münaqişəsinə hakimiyyətin münasibətindən yazıb:
“Xarici dövlətlərdə, xüsusən demokratik ölkələrdə Azərbaycan səfirlikləri özlərinin məşğul olmalı olduğu əsas funksiyaları kənara qoyub, bütün güclərini Azərbaycan vətəndaşları haqqında donos toplayıb Bakıya göndərməyə yönəldiblər. İnsafən bu işi donosçuları vasitəsilə çox yaxşı da bacarırlar.
Təcrübə subur edir ki, Azərbaycan səfirliklərin dövlətin maraqlarını müdafiə etməklə bağlı elementar anlayışları yoxdur. Baxın. Dağlıq Qarabağla bağlı erməni tərəfi konfrans keçirdir. Ora imkanlarından istifadə edib cəmiyyətin nufuzlu, sözü keçən insanları yığmaq istəyir. Onlar adətən tədbirlərini pulları olmadığına görə havayı və ya tanışlıqla kirayə etdikləri ucuz bir zalda keçirdərlər. Tədbirə 6 ay qalmış elan verər, ona elmi-praktik don geyindirər və tədbirin daha çox rezonans doğurması üçün hər şeyi edərlər. Prosesə bizim səfirliklərimiz olsa-olsa ancaq istinadda verilən məlumatda olduğu kimi kömək etmiş olarlar. Konkret sözü gedən tədbirdən Niderland ictimaiyyətinin çox cüzi hissəsinin xəbəri var idi. Azərbaycan səfirliyin fəaliyyəti nəticəsində isə bundan bütün Niderland xəbər tutub. Necə deyərlər qaş düzəldən yerdən gözü də vurub çıxardıblar. Ölkənin az qala bütün qəzetləri Azərbaycan səfirirnin məktubundan danışır və deyir ki, bura Azərbaycan deyil, söz azadlığı var, hər kəs özünü sərbəst şəkildə ifadə edə bilər.
Beynəlxalq hüquq tam şəkildə Qarabağ konfliktilə bağlı Azərbaycan Respublikasının tərəfindədir. Azərbaycan torpaqları uzun müddətdir ki, işğal altındadır, dövlətin ərazi bütövlüyünə qəsd edilib və Azərbaycana qarşı təcavüz davam edir. Belə halda erməni tərəfinin məsələ ilə bağlı keçirtdiyi tədbirlər Azərbaycanın haqlı mövqeyini müdafiə etmək üçün ən yaxşı tribunadır. Tədbirə mövcüd imkanlardan istifadə etməklə qatılmaq, orada Azərbaycanın haqq səsini demək əvəzinə səfirlik hansı dövlətdə fəaliyyət göstərməsini unudaraq, azərbaycansayağı hərəkət etməyə üstünlük verir, ora-bura məktub yazmaqla işini bitmiş hesab edir.
Yeri gəlmişkən Azərbaycan rəsmiləri də xaricdə Dağlıq Qarabağla bağlı tədbir keçirdirlər. Adətən belə tədbirlər üçün ölkənin ən bahalı zalları icarəyə götürülər, orda Azərbaycandan diasporaçılardan və siyasi mühacirlərdən qeyri kimsə iştirak etməz, necə deyərlər özləri deyər, özləri də eşidərlər”.