Lavrov Ermənistanı ‘nankor’ adlandırıb və ‘son seçim’ etməyə çağırıb

Əgər Yerevan Moskvadan uzaqlaşmaq və Qərblə yaxınlaşmaq kursunu bundan sonra da davam etdirərsə, Rusiya Ermənistanla münasibətlərinə ciddi şəkildə “yenidən baxmalı” olacaq.

Bunu ötən həftəsonu Türkiyənin Antalya şəhərində keçirilən beynəlxalq diplomatiya forumunun ardınca keçirdiyi mətbuat konfransında Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrov Ermənistan rəhbərliyinin getdikcə kəskinləşən tənqidlərini rədd edib və deyib ki, Ermənistan hökuməti ölkənin istiqamətini “dünyada heç kimə xeyir gətirməyən düşmənlərə” sarı reoriyentasiya edib:

“Ermənistanda nədənsə hesab edirlər ki, öz həyatlarını yaxın qonşularla və tarixən sənin xalqınla həmrəy xalqlarla yox, sənin dostlarınla düşmənçilik edən ölkələrlə qurmaq lazımdır”.

Sergey Lavrov Ermənistan rəhbərliyini Kollektiv Təhlükəszlik Müqaviləsi Təşkilatında (KTMT) “dondurulmuş üzvlüyü” və Avrasiya İqtisadi İttifaqında iştirakı məsələsində “son seçim” etməyə çağırıb.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Lavrov Yerervanı 6 həftəlik müharibəni dayandırmış Rusiyaya münasibətdə nankorluqda ittiham edib. Lavrov bildirib ki, məğlubiyyət üçün məsuliyyəti Yerevanın özü daşıyır:

“Müharibə daha tez, azərbaycanlılar hələ Şuşanı götürmzədən əvvəl dayandırıla bilərdi. Amma Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin təklifinə cavab olaraq deyib ki, “biz sonadək vuruşacağıq”.

Rusiya xaric işlər naziri eyni şəkildə Yerevanın KTMT barədə tənqidlərini də rədd edib. O deyib ki, 2022-ci ildə KTMT-nin “müşahidəçilər missiyası” göndərilməsini nəzərdə tutan razılaşmasına məhz Paşinyan veto qoyub.

Azadlıq radiosu