İranda seçkilərdir, saxlananlar var

Martın 1-də İranda parlamentə – Məclisə və Üləmalar Məclisinə seçkilər keçirilir. AzadlıqRadiosunun fars xidməti səsvermənin seçici apatiyası və boykota çağıranlara təzyiqlər fonunda baş tutduğunu yazır.

2022-ci ilin kütləvi etirazlardan bəri ilk dəfədir ölkədə seçki keçirilir. O zaman Məhsa Əmini guya hicabı düzgün bağlamadığına görə saxlanandan sonra polisdə vəfat edib və bundan sonra ölkəni etiraz dalğası bürüyüb. Bundan başqa, İranda hazırda iqtisadi şərtlər getdikcə pisləşir, narazılara qarşı repressiyalar artır.

Bir çox iranlılar deyiblər ki, “mənasız” saydıqları seçkilərə getməyəcəklər. Bu seçkinin ölkədə sərt xətt tərəfdarlarının hakimiyyətini daha da möhkəmləndirəcəyi gözlənilir.

Seçici iştirakçılığı

İranda seçici iştirakçılığını müstəqil monitorinq etmək olmur, hökumətin keçirdiyi sorğular isə nadir hallarda açıqlanır.

Dövlətə bağlı bir mərkəzin sızdırılmış sorğusunun nəticəsinə görə, seçkiyə cəmi 30 faiz seçici gedə bilər. Ancaq bu məlumat dərhal təkzib olunub.

2020-ci ildə parlament seçkisində seçici iştirakçılığı rekord az – 42.6 faiz olub.

Azadlıq radiosu