Olmayan təhsilin imitasiyası

Rəşad Əliyev

Bir neçə gün əvvəl Bakının iki orta məktəbindən olan 10 və 11-ci sinif şagirdləri ilə söhbət edirdim. Danışdıqları mənim üçün yenilik olmasa da, hər halda məktəblilərdən bunu hər dəfə eşitmək çox məyusedicidir. Siniflərində 20-25 şagirddən yalnız beş-altı nəfər məktəbə gəlir. Gələnlər də 7 dərsdən 3-4 dərsdə oturub oyun filan oynayıb, avaralanıb gedir. Yəni bu siniflərdə demək olar tədris yoxdur. Hətta müəllimlər arada bu gələn beş-altı nəfərə acıqlanır ki, niyə gəlib avaralanırsız, gedin universitetə hazırlaşın. Düzü, bu günə kimi təhsil sistemi və məktəb haqqında bundan daha istehzalı fikir eşitməmişəm – məktəbdə avaralanmaqdansa gedin universitetə hazırlaşın!

Arada Təhsil Nazirliyindən “yoxlama” gəlibmiş, müəllimlər bütün valideynlərlə əlaqə saxlayıb ki, şagirdlər həmin gün dərsə gəlsin, onlar da gəlib və beləcə Təhsil Nazirliyindən gəlmiş bir müəllim və müəllimədən ibarət “yoxlama”nı yola veriblər.

Təhsil naziri bu yaxında bir müsahibəsində təklif edirdi ki, siniflərdə şagirdlərin sayı Sinqapurda filanda olduğu kimi 40-a artırılsın, çünki deyir sinifdə şagird sayının çox olmasının təhsilin keyfiyyətinə təsiri yoxdur (Nazirin Sinqapur filan mövzusuyla bağlı səsləndirdiyi fikirlərdəki qüsurlar və yanlışlar barədə ayrıca yazacam). Hələ nazirin təvazökarlıqdan uzaq bir müşaviri də facebookda öz həmişəki ampluasında çox ağıllı bir status yazıb, müstəqil təhsil mütəxəssislərinin nazirin bu fikri barədə söylədiklərini aşağılayıcı tonda səhv çıxarmağa çalışmışdı (mütəxəssislər onun yazdığı şərhin də çox tutarlı cavabını verib).

Amma görünür hər ikisi doğru deyirmiş. Hətta az deyiblər. Yalnız kağız üzərində mövcud olan bir sinifdə hə 25 şagird oldu, hə 45 – nə fərqi var? 10-11-ci siniflərdə onsuz da təhsil yoxdursa, bu sinifləri süni şəkildə saxlamağın nə mənası var? Ya ümumiyyətlə ləğv edin, ya da 100-150 nəfərlik siniflər yaradın.

Ümumiyyətlə, Təhsil Nazirliyi bu 10-11-ci siniflər üçün büdcədən aldığı milyonlar əvəzində hətta ən minimal keyfiyyətdə təhsil belə verə bilmir, göz görə-görə təhsil büdcəsini havaya sovurur. Digər tərəfdə isə özəl sektor (repetitorlar, hazırlıq mərkəzləri və sair) bu işi Nazirlikdən qat-qat daha səmərəli və keyfiyyətli şəkildə bacarır və illərdir əla nəticələr göstərir. Az qala 30 ildir bu reallıqla yaşayırıqsa, axı niyə hələ də bu işi ən yaxşı bacarana yox, bu işi heç bacarmayana elətdirməkdə israrlıyıq. Axı bu sünilik, olmayan bir təhsilin imitasiyası nəyə lazımdır. Nazirlikdəki hörmətli məmur müəllimlər bacarırlarsa, bu dilemmadan bir çıxış yolu tapsınlar.