Ermənistan rəhbərliyi yeni konstitusiya barədə yekun qərarı hələ qəbul etməyib

Ermənistan rəhbərliyi ölkənin yeni konstitusiyasının qəbulu prosesinə başlanmasına dair yekun qərarı hələ ki, qəbul etməyib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu baş nazir Nikol Paşinyanın əsas siyasi müttəfiqlərindən biri deyib.

Ermənistanın “tamamilə yeni Konstitusiyaya” ehtiyacı olduğunu bundan əvvəl baş nazirin özü bəyan etmişdi.

1995-ci ildən qüvvədə olan və o vaxtdan bəri dəfələrlə düzəlişlər edilən hazırkı konstitusiyanın dəyişdirilməsi üçün ümümxalq səsverməsi – referendum keçirilməlidir.

“Konsepsiya” artıq Paşinyana təqdim olunub

Ermənistan Milli Məclisinin spikeri jurnalistlərin suallarına cavab verərkən deyib:

“Səhv etmirəmsə, müxalifət nümayəndələrindən biri AzadlıqRadiosunun proqramında demişdi ki, “biz konstitusiya referendumunu Paşinyana etimad səsverməsinə çevirməliyik. Hansı konstitusiya referendumu? Biz demişikmi ki, yaxın gələcəkdə konstitusiya referendumu keçiriləcək?”

O əlavə edib ki, belə bir dəyişiklik, 2030-cu ildə də baş verə bilər.

Paşinyan ötən ay bildirmişdi ki, Ermənistanın “regionda yenicə yaranmış geosiyasi mühitdə yeni konstitusiyaya ehtiyacı var”.

Ötən yanvar ayında isə Ermənistanın Ədliyyə Nazirliyi bəyan etmişdi ki, konstitusiya islahatı üçün “konsepsiya” baş nazirə təqdim olunub.

Azatutyunun yazdığına görə Paşinyanın tənqidçiləri inanırlar ki, o konstitusiyanı Azərbaycanla sülh müqaviləsinin imzalanması üçün Bakının tələbi ilə dəyişmək istəyir.

Azadlıq radiosu