İranlı dissidentə sui-qəsd cəhdində ittiham olunan azərbaycanlı ABŞ-a təslim edilib

Çexiya Respublikası fevralın 21-də İran hökumətinin tanınmış tənqidçisinin qətlinə cəhddə ittiham olunan şəxsi ABŞ-a ekstradisiya edib.

Reuters Çexiya Ədliyyə Nazirliyinin məlumatına istinadla yazır ki, Polad Ömərov Praqanın Vaslav Havel beynəlxalq hava limanında ABŞ hakimiyyət orqanlarının nümayəndələrinə təhvil verilib.

Bundan əvvəl o Çexiyadan ekstradisiyadan şikayətin bütün apellyasiya instansiyalarından keçmişdi.

Ömərov 2023-cü ilin yanvarında Çexiyada həbs olunub.

Sui-qəsd planı

Ədliyyə Nazirliyi onun erkstradisiyasına ötən ilin iyulunda icazə versə də proses şübhəlinin Konstitusiya Məhkəməsinə müraciətinə görə ləngiyib.

Ömərov, həm də Fəxrəddin Mirzəyev kimi tanınan Rəfat Əmirov və Xalid Mehdiyevlə birlikdə sifarişli qətlə cəhddə və çirkli pulların yuyulmasına görə ABŞ tərəfindən ittiham olunur.

Məhkəmə sənədlərində onların hər ikisinin Azərbaycan vətəndaşları olduğu bildirilir. Əmirovun həm də Rusiya vətəndaşı olduğu qeyd edilir.

İttihamnaməyə görə onlar Nyu Yorkda yaşayan ABŞ vətəndaşını Tehran tərəfindən dəstəklənən sui-qəsdlə qətlə yetirməli idilər.

Lakin bu qəsdin qarşısı alınıb.

Azadlıq radiosu