Avropada fermerlər nəyə və niyə etiraz edirlər?

“Reuters” Avropa Birliyində fermerlərin etirazları barədə açıqlayıcı bilgilər dərc edib.

Məlumatda deyilir: Avropa Birliyinin ayrı-ayrı yerlərində fermerlər etiraza qalxıblar. Onlar artan qiymət və vergilərdən, bürokratiyadan, ətraf mühitlə bağlı çoxlu qaydadan və gətirilən ucuz ərzaqla pis duruma düşmələrindən gileylənirlər. Fransa, Almaniya, Belçika, Niderland, Polşa, İspaniya, İtaliya və Yunanıstanda həftələrdir nümayişlər davam edir.

Bəzi məsələlər ayrı-ayrı ölkələrlə bağlı olsa da, bütövlükdə Avropaya aid problemlər də var. Blokun müxtəlif yerlərində və ayrı-ayrı ölkələrdə etiraz hərəkatına yol açan problemlərə detallı baxaq:

İdxalat

Şərqi Avropada nümayişlər Ukraynadan iri həcmdə qida idxalının yaratdığı rəqabətlə bağlıdır. Fermerlər bu rəqabətin ədalətsiz olduğunu deyirlər. Rusiyanın Ukraynaya hücumundan bəri Avropa Birliyi (AB) bu ölkə üçün kvota və tarifləri ləğv edib. Polşalı fermerlər Ukrayna ilə sərhəddə yol hərəkətini bloklayır. Kiyev bu hərəkətin onun müdafiə qabiliyyətinə təsir göstərdiyini və Rusiyanın məqsədlərinə xidmət etdiyini deyir. Çexiyalı fermerlərsə traktorlarını Praqanın mərkəzinə sürərək Kənd Təsərrüfatı Nazirliyinin çevrəsində yol hərəkətini bloklayıblar.

Fermerlər deyirlər ki, gətirilən ərzaq avropalı fermerlərə tətbiq edilən ekoloji standartlara cavab vermədiyi halda, Avropa qiymətlərini basqı altında saxlayır. AB ilə Cənubi Amerikanın “Mercosur” bloku arasında ticarət sövdələşməsinin bağlanması yönündə yenilənən danışıqlar da şəkər, buğda və ət ticarətində ədalətsiz rəqabətlə bağlı narazılıq doğurub.

Azadlıq radiosu