ATƏT-in seçkini izləyən Müşahidə Missiyası Azərbaycan hökumətinin təzyiqi altında olması barədə iddialara cavablandırıb.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasına rəhbərlik edən İoğan Mörfi fevralın 8-də mətbuat konfransında bu haqda suala cavab olaraq bildirib ki, hər təşkilatın öz mandatı var: “Əvvəllər Azərbaycandakı seçkilərin müşahidəsində başqa təşkilatlarla əməkdaşlıq etmişik. Bizim öz metodologiyamız var. Bu metodologiya istənilən təzyiqlərə qarşı dözümlüdür”.
ATƏT-in qısamüddətli müşahidəçilərinin xüsusi əlaqələndiricisi Artur Qerasimov da təzyiq altında olmadıqlarını vurğulayıb: “Bizim qaydalarımız, prinsiplərimiz var. Avropa Şurası Parlament Assambleyası da yaxşı tərəfdaşdır”.
APA üzvü, almaniyalı deputat Frank Şvabe bir müddət öncə BBC-yə müsahibəsində ATƏT-in Müşahidə Missiyasının Azərbaycanda təzyiq altında olduğunu demişdi.
Müşahidə Missiyası seçkiyə dair qiymətləndirmə bəyanatının öncədən hazır olması, orada yalnız tənqidi məqamlara yer verilməsi haqda iddiaları da təkzib edib.
“Bizim müşahidəçilərimiz nələri görüblərsə, onları da qeyd eləmişik. Bir-birinə oxşar imzalar, qruplar şəklində səsvermədə iştirak, qutuların lazımi şəkildə möhürlənməməsi kimi hallar müşahidə olunub. Bundan başqa, bir sıra hallarda qutularda bülletenlərin sayı səs vermiş adamların sayından çox olub” – Mörfi belə deyib.
Azadlıq radiosu