Azərbaycan XİN Nikol Paşinyanın açıqlamasına münasibət bildirib
Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) Ermənistanın baş naziri Nikol Paşinyan qarşılıqlı silahlara nəzarət mexanizmi, habelə hücum etməmək haqqında pakt imzalamaq təklifinə münasibət bildirilib.
Nazirliyin saytında yer alan münasibətdə qeyd edilir ki, Paşinyanın açıqlaması Azərbaycanla Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş layihəsi üzrə prosesdən fikir yayındırmaq məqsədi daşıyır.
“…Baş nazir Paşinyanın da bildirdiyi kimi, ölkəsinin ciddi hərbiləşmə siyasəti apardığını, son illərdə bir neçə milyard dollarlıq silah tədarükü müqavilələri imzalandığını, hərbi sənayeni inkişaf etdirdiyini nəzərə alaraq, Ermənistanın sülh prosesinə ciddi yanaşdığını iddia etməsi siyasi manipulyasiyadır” – nazirliyin mətbuat katibi Ayxan Hacızadə vurğulayıb.
Onun fikrincə, “bu kimi qərəzli” bəyanatlar bölgənin beynəlxalq hüququn norma və prinsiplərinə hörmət əsasında gələcək inkişafına manedir:
“Azərbaycan öz növbəsində sülh və quruculuq səylərini davam etdirəcək, Ermənistandan da sözdə deyil, əməldə adekvat addımların atılmasını gözləyir.”
***
Ermənistanın baş naziri bazar günü – yanvarın 28-də deyib ki, Azərbaycana hücum etməməklə bağlı pakt imzalamağı təklif edib.
Nikol Paşinyan çıxışında Yerevanın Azərbaycana təklif etdiyi qoşunların sərhəddən qarşılıqlı çəkilməsi təklifindən danışıb.
“Qoşunların qarşılıqlı çəkilməsi Azərbaycan SSR-in ərazisinin Azərbaycanın, Ermənistan SSR-in ərazisinin isə Ermənistanın nəzarətində qalmasına imkan verəcək. Biz həminin sərhədlərin demilitarizasiyasını, yəni, Azərbaycanla demilitarizasiya təklif etmişik. Həmçinin sülh sazişinin imzalanması gözlənildiyindən daha çox vaxt apararsa, silahlara qarşılıqlı nəzarət, eləcə də hücum etməməklə bağlı pakt imzalamağı təklif etmişik”, – o deyib.
Paşinyan Ermənistanın sülh sazişinə sadiq qaldığını, bu gündəmdən geri çəkilməyəcəyini vurğulayıb.
Rəsmi Bakı, hələlik, Paşinyanın son təklifinə münasibət açıqlamayıb. Ancaq Azərbaycan hakimiyyəti də Ermənistanla sülh istədiyini dəfələrlə bildirib.
Azadlıq radiosu