Vəkil: Nərgiz Absalamovanın ailə üzvləri ilə təmaslarına məhdudiyyət qoyulmasının əsası yoxdur

Yanvarın 18-də Bakının Xətai Rayon Məhkəməsində “Abzas Media” saytının jurnalisti Nərgiz Absalamovanın ailə üzvlərinə, görüşlərinə, telefon əlaqələrinə məhdudiyyət qoyulması ilə bağlı şikayətə baxılıb.

Vəkil Şəhla Hümbətovanın Amerikanın Səsinə verdiyi məlumata görə, bugünkü məhkəmə prosesinə jurnalist Nərgiz Absalamova gətirilməyib.

“Özü iştirak etmirdi. Bununla bağlı orada xeyli müzakirə oldu. Vəsatət verdim. Tələb etdim ki, iclas təxirə salınsın və Nərgiz Absalamovanın iştirakı təmin edilsin. Amma məhkəmə bunu təmin etmədi”, vəkil qeyd edib.

Onun sözlərinə görə, məhkəmə həmçinin müstəntiqin jurnalisti Nərgiz Absalamovanın ailə üzvlərinə, görüşlərinə, telefon əlaqələrinə məhdudiyyət qoyulması ilə bağlı şikayəti də təmin etməyib.

“Baxmayaraq ki, hər şey aşkardır. Şikayətimdə də əsaslandırmışdım ki, Nərgiz Absalamovanın ailə üzvləri ilə görrüşməsinə və telefonla əlaqə saxlamasına məhdudiyyət qoyulmasının heç bir əsası yoxdur. Bu məhdudiyyət də deyil, tam qadağadır. Hətta əsas olsaydı belə bunu başqa cür etmək olardı. Məsələn ailə üzvləri ilə görüş üçün təcridxanada nəzarətçilərin müşaiəti altında xüsusi şərait yaratmaq olardı. Yəni bunun müxtəlif yolları var. Bunun əvəzinə istintaq orqanı qısa yolla gedib və tamamilə qadağa qoyub”, vəkil qeyd edib.

Bundan əlavə Şəhla Hümbətova istintaqın jurnalistin ailə üzvlərinə, görüşlərinə, telefon əlaqələrinə məhdudiyyət qoyulmasının səbəblərinə də toxunub.

“Qərarın əsasdlandırma hissəsi budur ki, bu cinayəti törətmiş başqa şəxslərin ifşa edilməsinə maneçilik yarana bilər. Başqa cinayətlərin qarşısını almaq məqsədi ilə belə bir məhdudiyyət qoyulması zəruridir”,vəkil əlavə edib.

Bununla bağlı istintaq tərəfindən hər hansı şərh almaq mümkün olmayıb.

Amerikanın səsi