Fəalları Başqırdıstanı Rusiyadan ayırmaq çağırışlarında ittiham edirlər

Başqırdıstanın başçısı Radi Xabirov respublikanın Baymak rayonunda baş verən etirazları şərh edərkən deyib ki, bir qismi xaricdə olan fəallar “Başqırdıstanın Rusiyadan ayrılmasına” və “partizan müharibəsinə” çağırırlar.

Müxbirlər bildirirlər ki, etirazlarda başçının dediyi çağırışlar olmayıb, amma əvəzində Xabirovun və respublikanın başqa rəsmilərinin ünvanlarına qəzəbli tənqidlər səsləndirilib.

Başqırdıstanda kütləvi etiraz aksiyaları yanvarın 17-də Baymak şəhərində başlanıb.

Adamlar başqırd fəal, qadağan edilmiş “Başkort” təşkilatının keçmiş lideri Fail Alsınovun müdafiəsi üçün Baymak məhkəməsinin qarşısına toplaşmışdılar.

Burada gedən məhkəmə prosesində Alsınov millətlərarası nifaqı qızışdırmaqda ittiham olunurdu.

Məhkəmə Alsınova 4 il iş kəsdiyini bəyan edəndən sonra qəzəbli kütlə ilə polis arasında toqquşmalar baş verib. Etrirazçılar Alsınovun dərhal azadlığa buraxılmasını tələb edirdilər.

Polis aksiyanın dağıdılması üçün dəyənəklərdən, səs qumbaralarından və gözyaşardıcı qazdan istifadə edib.

Aksiya iştirakçılarından 6-sına qarşı cinayət işləri açılıb.

Azadlıq radiosu