‘Ayrıcadırlar’: İrandan dəstək görsələr də, husilərin müstəqilliyi İranı qoruyur

Husilər, Qırmızı dənizdə dağıdıcı əməllər görərkən, İran silahlarından yararlanır və Tehranın “dirəniş oxunun” bir hissəsi sayılır. Di gəl, heç də həmişə İranın buyruqlarıyla davranmırlar.

AzadlıqRadiosunun jurnalisti Maykl Skollon (Michael Scollon) bu barədə yazır.

Ekspertlər deyirlər ki, Yəmənin şimalına nəzarət edən husilər Tehranın əsas düşmənləri olan İsrail, Səudiyyə Ərəbistanı və Qərbə qarşı sərbəst hərəkət edə bilir. Tehran husilərlə arasında məsafə saxlamaqla özünü Yaxın Şərqdə baş verə biləcək mümkün münaqişəyə sürüklənməkdən qoruyur.

“Bu o demək deyil ki, husiləri İran yaradıb”

Berlində fəaliyyət göstərən Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun tədqiqatçısı Hamidreza Əzizi deyir ki, İranın husiləri dəstəkləməsi onların İranın proksisi olması anlamına gəlmir.

“Özəlliklə Yəməndə savaş başlayandan, 2015-ci ildə Səudiyyə Ərəbistanının Yəmənə müdaxiləsindən bəri İranın husiləri… dəstəklədiyinə heç şübhə yoxdur. [İran] indi də onları İsrailə qarşı get-gedə böyüyən kampaniyalarında dəstəkləyir. Ancaq bu o demək deyil ki, husiləri İran yaradıb, yaxud husilər Qüds qüvvələrinin (İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) xarici qolunun) əlavəsidir”.

“Janes” qlobal kəşfiyyat şirkətinin Yaxın Şərq üzrə müdafiə təhlilçisi Ceremi Binninin fikrincə (Jeremy Binnie), əsas sual Tehranın husilərə təsirinin nə qədər olmasıdır.

Husilər İsraili raket zərbələri ilə hədəfə alandan, eyni zamanda önəmli qlobal təchizat yolunda – Qırmızı dənizdə gəmilərə aramsız hücum etməyə başlayandan bəri bu sual daha da aktuallaşıb.

Binninin sözlərinə görə, bir çoxları husiləri “bəlli dərəcədə müstəqil və çox döyüşkən” sayır və onların “iranlıların istədiyindən daha çox şey edə biləcəyini” düşünür. Başqa bir baxış ondan ibarətdir ki, Tehranın husilərə verdiyi müasir silahlardan istifadə üçün iranlı personala ehtiyacı olduğu hesaba qatılsa, İran “həmin silahlardan nə zaman və necə istifadə ediləcəyi ilə bağlı ciddi söz sahibi olmalıdır”.

Azadlıq radiosu