ABŞ və Böyük Britaniya Yəməndə husilərin hərbi mövqelərinə zərbələr endirib.
“Reuters” bunun 2016-cı ildən bəri Birləşmiş Ştatların Yəməndə husilərə ilk zərbələri olduğunu yazır.
BBC-nin məlumatına görə, ABŞ və Britaniyanın aviasiyası və döyüş gəmiləri cümə gününə keçən gecə Yəməndə husi üsyançılarını vurmağa başlayıb. Zərbələrin, əsasən, Hüdeydə limanında və Yəmənin paytaxtı Sənada hədəflərə endirildiyi xəbər verilir.
Yəmənin böyük hissəsinə nəzarət edən husilər ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS-a dəstək nümayişi olaraq Qırmızı dənizdə ticarət gəmilərinə hücumlar gerçəkləşdirirlər. Bu hücumlar Avropa və Asiya arasında əsas marşrut üzrə beynəlxalq ticarəti pozub. Müxtəlif gəmiçilik şirkətləri regionda fəaliyyəti dayandırıb, gəmilərini Afrika ətrafına yönəldib.
Hazırda İsrail Qəzzada HƏMAS-a qarşı quru əməliyyatlarını davam etdirir.

ABŞ “dözməyəcəyik” deyir
ABŞ prezidenti Co Bayden (Joe Biden) bildirib ki, Yəmənə zərbələrdə məqsəd Birləşmiş Ştatlar və müttəfiqlərinin İranın dəstəklədiyi üsyançı qrupların Qırmızı dənizdə artan hücumlarına dözməyəcəyini göstərməkdir. Bu hücumlar gəmiçiliyin azadlığına, ABŞ personalına, mülki gəmiçiliyə təhdid yaradır.
Britaniyanın baş naziri Rişi Sunak (Rishi Sunak) zərbələri “vacib və mütənasib” adlandırıb: “Beynəlxalq ictimaiyyətin dəfələrlə xəbərdarlığına baxmayaraq, husilər Qırmızı dənizə hücumları davam etdiriblər“.
Ağ evin məlumatına görə, husilərin pirat hərəkətlərinə görə azı 2 min gəmi Qırmızı dənizdən keçməməyə çalışır, əlavə minlərlə kilometr qət edir. Məlumatda deyilir ki, azı 20 ölkədən dənizçilər ya girov götürülüb, ya da husilərin piratçılığına məruz qalıb.
Rusiya təcili iclas tələb edir
Rusiya və husilərin əsas dəstəkçisi İran Yəmənə zərbələri pisləyib, bunun Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcəyini bildirib.
“Bu özbaşına hərəkətlər Yəmənin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquq və qaydaların aşkar pozulmasıdır… Bu özbaşına hücumların regionda qeyri-sabitlik və təhlükəliliyi artırmaqdan başqa bir nəticəsi olmayacaq”, – İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Nasir Kənani vurğulayıb.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova deyib ki, Moskva Yəmənə hava zərbələri ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.
Husilərin sözçüsü isə hücumların əsassız olduğunu, üsyançıların İsrailə gedən gəmiləri hədəfə almağa davam edəcəyini bildirib.
Azadlıq radiosu