Qaniçən qayıdır: Putin Rusiyası Stalinin kölgəsinə sığınıb

Tatarıstanın ikinci ən böyük şəhəri olan Naberejnıye Çelnıda, bir özəl məktəbin ərazisində sovet diktatoru İosif Stalinin qəribə heykəli var. Oturaq durumdakı heykəl bir qədər önə əyilərək sanki yol ötənləri yanında əyləşib söhbətləşməyə çağırır.

Robert Koulsonun məqaləsində deyilir ki, indi Rusiya ərazisində Stalinin 100-dən çox heykəlini görmək olar. Onların əksəriyyəti Vladimir Putinin 24 illik hakimiyyəti dövründə ucaldılıb. Stalin irsinin əsas hissələrini manipulyasiya edən Putin həmin irsdən özünün etatist (fransızca dövlət anlamı verən “eta” sözündən götürülüb və siyasi, iqtisadi müstəvidə “dövlətçilik” deməkdir – red.), millətçi, hərbiləşmiş Rusiya yaratmaqla bağlı baxışlarını cəmiyyətə sırımaq üçün yararlanır. Bir çox təhlilçilər bu siyasəti “neostalinizm” adlandırır.

“Bugünkü Rusiyada “Lenin”, olsa-olsa, mavzoleydəki fiqurdan başqa heç nə deyil, amma “Stalin” gündəlik reallığımızdır. Putin rejiminin Stalinə, stalinistlərə, stalinizmə tam bəlli münasibəti var. Bu münasibət, əsasən, rejimin köklərinə bağlıdır. KQB ideya və əməl olaraq “Stalin”ə qarşı ola bilməz, Stalin onların ağası, onların taleyi, onların ömür tarixçəsidir”, – işadamı Leonid Nevzlin 2020-ci ildə AzadlıqRadiosu üçün yazdığı essedə belə deyir. O, 2003-cü ildə, Putin neft nəhəngi “Yukos”u ələ keçirəndən sonra Rusiyanı tərk edərək İsrailə köçüb. “Stalin” elə özəl əməliyyatdır ki, onun gedişində əhali stalinləşmə prosesinə cəlb edilir və neostalinist olmaqdan ötrü səfərbər edilir. Mədəni-psixoloji mənada biz stalinist toplum olaraq qalırıq”, – bu da həmin işadamının sözləridir.

“Biz, doğrudan da, Stalin irsinin içində yaşayırıq. Burada əsas şeylər qorxu, atomlaşma, itaət və sosial şərin digər növləridir”, – Stalini “böyük manipulyator” adlandıran tatar fəal və siyasi təhlilçi Ruslan Aisin avqust ayında Azadlıq Radiosunun “İdel.Realii” xidməti üçün yazdığı essesində belə yazır.

1991-ci ildə KQB zabiti Aleksey Solovyov Uzaq Şərqdə yerləşən Smolenko kəndinə ezam edilib. O, həmin kənddə Stalin repressiyası qurbanlarının edam olunandan sonra oradakı meşədə kütləvi qəbirlərə atıldığını sübut edən arxiv dəlillərini araşdırmalı idi. Bu, Stalin dönəmində hökumətin sovet xalqına qarşı törətdiyi cinayətləri üzə çıxarmaq istiqamətində göstərilən səylərin bir hissəsi idi. O dönəm sovet dövrünün sonlarını və postsovet dövrünün ilk illərini əhatə edirdi. İndi 92 yaşı olan Solovyov AzadlıqRadiosuna müsahibəsində həmin dövrdə bir neçə ay içində, azı, 2 min 500 insanın basdırıldığı 50 bəsit kütləvi qəbir aşkar etdiklərini deyir. Bu insanlar 1937-38-ci ildə ədalətsizcəsinə edam edilmişdilər. Ekspertlərin hesablamalarına görə, həmin meşədə azı 8 min insan basdırılıb, ancaq bu da var ki, araşdırmalar uzun zaman öncə artıq dayandırılıb.

Permdə QULAQ əmək düşərgələrinin məhbusları
Permdə QULAQ əmək düşərgələrinin məhbusları

“Hökmlər məhkumlara elan edilmirdi”

Solovyovun sözlərinə görə, həmin ekspedisiyanın tarixçəsi onun 1980-ci ildə yaşlı bir keçmiş zabitlə söhbətinə gedib çıxır. O, Stalin dövründə təhlükəsizlik orqanlarında çalışan bu zabitin adını heç vaxt açıqlamayacağına söz verdiyini deyir: “O, xəstə və narahat görünürdü. Eşitdiklərim heyrətamiz və qorxunc idi. Tezliklə öləcəyini gözlədiyini və o qorxunc olaylar barədə bu bilgini kiminləsə bölüşməli olduğunu söylədi”.

Azadlıq radiosu