“Sizin qrupdan kim (hakim) Yeni Azərbaycan Partiyasına (YAP) üzv olmaq istəyirsə, mütləq gətirin o siyahını mənim stolumun üzərinə qoyun. Əgər olmasa, biz özümüz hər qrupdan beş nəfəri yazacağıq”, – bunu bu yaxınlarda Azərbaycan Dövlət Pedoloji Universitetinin (ADPU) İnformatika müəllimliyi ixtisasında təhsil alan tələbələrin WhatsApp qrupuna tyutor (akademik məsləhətçi) səsli mesaj kimi göndərib.
ADPU-nun tələbəsi Zeynəb Fərhad tyutorun otağına üz tutub və iradını bildirib. Onun AzadlıqRadiosuna dediyinə görə, laqeyd münasibətlə üzləşsə də, tyutorla söhbətdən bir az sonra qrupa növbəti mesaj gəlib ki, “Məcburi deyil, kim istəsə üzv ola bilər”.
Z.Fərhad təhsil ocağında siyasi təbliğatdan narazılığını gizlətmir. O, qrupdan iki-üç nəfərin hakim partiyaya üzv olduğunu, təbliğatın ilk dəfə baş vermədiyini deyir: “Bizə bir semestr fizika keçdilər. Fənni tədris edən müəllim hər auditoriyaya girəndə deyirdi ki, “YAP-a üzv olun, bu sizin xeyrinizə olacaq”. Mən haqsızlıqlardan danışanda bunu da təsdiqləyirdi, amma yenə də “YAP-a üzv olun” söyləyirdi”.
Təhsil ocaqlarında hakim partiyanın tələbələrə təbliğindən narazı başqa tələbələr də var. A.Ə. dövlət universitetlərinin birində filologiya ixtisası üzrə təhsil alır. Onun sözlərinə görə, tələbələri YAP üzvlüyünə məcbur etməsələr də, elə şərait yaradılır ki, tələbələr gedib üzv olur. O, müəllimlərin mühazirələrdə hakim partiyanı təriflədiyini, YAP-a üzv olan tələbələrə isə qiymətdə güzəştlər olunduğunu deyir. Tələbə son vaxtlar təbliğatın intensivləşdiyini vurğulayır.
Azadlıq radiosu