Müxalifətdə olan Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı ev dustaqlığına buraxılıb.
Bu barədə vəkil Nemət Kərimli AzadlıqRadiosuna məlumat verib.
Vəkilin sözlərinə görə, dekabrın 19-da Yasamal rayon Məhkəməsində O.Hacılının ev dustaqlığına buraxılması üçün vəsatətə baxılıb və məhkəmə vəsatəti təmin edib: “İstintaq artıq 50 gündür davam edir və bu müddət ərzində həbs seçilməsi üçün əsaslar aradan qalxmışdı. Ona görə də biz ev dustaqlığı ilə bağlı vəsatətlə məhkəməyə müraciət etmişik. Məhkəmə bizim vəsatətimizi haqlı hesab etdi”.
O, həmçinin əlavə edib ki, O.Hacılı özünü təqsirli bilmir.
A.Hacılı da oğlunun azadlığa buraxılmasını müsbət hal kimi dəyərləndirib: “Son həbs dalğası Orxanın həbsi ilə başlamışdı, ümid edirəm ki, azadlığa buraxılma dalğası da elə Orxanın azadlığa çıxması ilə başlayacaq”.
Azərbaycanda son bir ayda 10-a yaxın jurnalist, fəal həbs edilib. Onlar qaçaqmalçılıq, dələduzluq, saxta sənədlərdən bilərəkdən istifadə kimi qanunsuz əməllərdə ittiham edilirlər. Amma ittihamları qəbul etmirlər.
Azadlıq radiosu