Şarl Mişel: Brüssel danışıqları bərpa olunur

Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması üçün çalışır. Brüssel danışıqları bərpa olunur.

Aİ Şurasının prezidenti Şarl Mişel (Charles Michel) AzadlıqRadiosuna verdiyi eksklüziv müsahibədə bunu deyir və detallara vararaq bildirir ki, saziş sərhədlərin delimitasiyasına əsaslanmalıdır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqənin yaradılması yönündə müxtəlif modellər müzakirə mövzusudur. Bundan başqa, qeyd edir ki, ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtması, ən azından səfər edə bilməsi üçün imkan yaradılmalıdır. O, Azərbaycanın güc yolu ilə Zəngəzurdan (Ermənistanın Sünik bölgəsindən) dəhliz aça biləcəyi ilə bağlı müxtəlif Qərb ölkələri rəsmilərinin narahatlığına da münasibət bildirib.

– Ermənistan tərəfi yaxın gələcəkdə, hətta bu ilin sonunadək Azərbaycanla sülh sazişinin bağlana biləcəyini istisna etməyib. Sizin gözləntiniz nədir, bu saziş tərəflər arasında birbaşa bağlanacaq, yoxsa beynəlxalq vasitəçilərin dəstəyi ilə?

– Məndən ötrü vacib olan nəticədir. Bilirsiniz ki, biz Azərbaycan və Ermənistanla qarşılıqlı inamın bərpası üçün çox yaxından işləmişik. Məlum olduğu kimi, tərəflər arasında istər tarix, istərsə də bir-birinə münasibət baxımından çox böyük çətinliklər olub. Amma biz müəyyən irəliləyişə də nail olmuşuq və mən çox nikbinəm. Bir neçə gün öncə Azərbaycan və Ermənistan rəhbərliyi birgə açıqlama yayıb. İndi ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və nəqliyyat əlaqələrinin bərpası, bu istiqamətdə modellərin tapılması yönündə çalışmaq məsələsində hər iki tərəfdə siyasi iradə müşahidə hiss olunur. Biz Avropa İttifaqında tərəflər arasında sülh sazişinin imzalanması üçün səy göstərməkdə qərarlıyıq.

Azadlıq radiosu