Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının dəstəyindən imtina edir

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) noyabrın 23-də Minskdə keçiriləcək sammitində iştirakdan imtina etməsinə baxmayaraq Rusiyanın başçılıq etdiyi bu hərbu blok “Ermənistana müşahidə missiyasının göndərilməsi məsələsi üzərində işi davam etdirir”.

Bu bəyanatı noyabrın 21-də KTMT-nin katibliyi verib.

Bundan bir gün əvvəl təşkilatın baş katibi İmanqali Taşmaqambetov Belarusun avtoritar lideri Alyaksandr Lukaşenka ilə görüşündə demişdi ki, Yerevan KTMT-dən təşkilatın Ermənistana hərbi yardımı məsələsinin sammitin gündəliyindən çıxarılmasını rica edib.

KTMT-nin qazaxıstanlı baş katibi bu barədə demişdi:

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ötən ilin noyabrında Yerevanda keçirilmiş görüşündə qəbul edilmiş 34 qərardan indiyədək yalnız ikisi yerinə yetirilməyib. Bunlardan biri KTMT şurasının Ermənistana yardım barədə qərarının redaktə olunması idi. Bütün müttəfiqlərin bu qərarı dəstəkləməsinə baxmayaraq Ermənistan bu sənədə heç bir maraq göstərməyib. Üstəlik sənəd üzərində işin yekun mərhələsində Ermənistan tərəfi onun ümumiyyətlə gündəlikdən çıxarılmasını rica edib”.

Azadlıq radiosu