Əsasən müsəlmanların yaşadığı Qırğızıstanda qadınların geyimi, kişilərin saqqal uzatması müzakirə olunur.
7 milyon əhalisi olan bu keçmiş sovet respublikasının parlamenti qadınların bütün bədənlərini örtən niqab geyinməsini, kişilərin isə saqqal uzatmasını qadağan edəcək qanun layihəsini açıqlayıb. Layihənin məqsədi kimi “ictimai təhlükəsizlik” göstərilir.
Noyabrın 14-də ictimai müzakirəyə çıxarılmış layihədə deyilir ki, adamların üzlərinin görünməsi, şəxsiyyətlərin müəyyənləşdirilməsindən ötrü tədbirlər görülməlidir.
Cərimə və ictimai iş
Qanunu pozanlar üçün 22 dollar cərimə, yaxud 30 saatlıq ictimai iş nəzərdə tutulur. Təkrar pozuntu 44 dollar cərimə, 40 saatlıq ictimai xidmət cəzası ilə nəticələnə bilər. Layihədə saqqalın qanuni uzunluğu göstərilmir, görünür, belə bir mühakimə çox subyektiv hesab olunub. AzadlıqRadiosunun müxbiri Farangiz Nacibullah bu haqda yazır.
Qanun qəbul olunarsa, Qırğızıstan vətəndaşlarına aid ediləcək, turistlərə, diplomatlara, ölkədə müvəqqəti yaşayan digər əcnəbilərə deyil. Həmçinin üzlərini örtməyə tibbi səbəbləri olanlar da istisna sayılır.
Sərt dini inancın zahiri əlaməti sayılan islami geyim və uzun saqqal uzun illərdir Orta Asiyada müzakirə mövzusudur.
Qanun layihəsinin təşəbbüskarı olan deputat Şarapatkan Majitova deyib ki, qadağa yalnız bütün üzü bağlayan, yalnız gözlərin açıq qaldığı niqaba aiddir.
Deputatın sözlərinə görə, baş və boyunun örtüldüyü, üzün isə açıq saxlandığı hicaba qarşı deyil. Qırğızıstanın qonşuları Tacikistan, Özbəkistan və Qazaxıstanda məktəb və idarələrdə hicab qadağandır.

Oş səfərindən sonra
Majitovanın niqaba qarşı kampaniyası apreldə, cənubi Oş vilayətinə səfərindən sonra başlanıb. O, xeyli sayda yerli qadının bütün bədəni örtən, adətən qara rəngli geyimdə olmasından təlaşlandığını söyləyib.
“Onların yalnız gözləri görünürdü. Ürəyin istəyirsə, başını bağla, təpədən dırnağa qara geyimə niyə bürünürsən ki?”, – Majitova səfərindən sonra parlamentdə bildirib.
Deputat Qırğızıstanın ali islam orqanı olan Müftiliyi qadınlar arasında niqabla, niyə çoxlarının buna qarşı çıxması ilə bağlı “izahat işi” başlatmağa çağırıb.
Azadlıq radiosu