Pakistan 1 milyondan çox əfqanın deportasiyasına başlayıb

Pakistanda deportasiya ilə üzləşən minlərlə əfqan yenidən Əfqanıstana axışır.

İslamabad sənədsiz əfqan miqrantların Pakistanı tərk etməsi üçün noyabrın 1-dək vaxt qoymuşdu.

BMT xəbərdarlıq edib ki, Pakistan hökumətinin bu qərarı “ağır” insan haqları pozuntuları ilə nəticələnə bilər.

Noyabrın 2-ə olan rəsmi məlumata görə 165 min əfqan artıq Pakistan ərazisini tərk edib.

Pakistan hökuməti ümumilikdə 1.7 milyon miqrantın ölkədən deportasiyasına dair qərar verib. Bunlardan 1 milyondan çoxu əfqanlardır. Onlar 2021-ci ilin avqustunda Əfqanıstanda Taliban hakimiyyətə gəldikdən sonra Pakistan ərazisinə keçiblər.

Bu da xəbər verilir ki, Pakistan polisi noyabrın 1-dən hələ də ölkədə qalan əfqanların saxlanmasına və məcburi deportasiyasına başlayıb. Bu məqsədlə onlarca saxlama məntəqəsi yaradılıb. Xəbərdə deyilir ki, sərhədin o tayında isə Taliban qaçqınların qəbulu üçün müvəqqəti keçid məntəqələri qurub.

Noyabrın 2-də Kəraçidə keçirilən polis reydində yüzdən artıq, həmsərhəd Kvetada isə 425 əfqan saxlanıb.

Azadlıq radiosu