Bir çox yenilgidən sonra da Paşinyan od-alovdan sağ çıxan baş nazir olaraq qaldı

Ermənistan son üç ildə çox sayda travmatik məğlubiyyətlərlə üzləşsə də, baş nazir Nikol Paşinyan öz vəzifəsində möhkəmcə dayanıb.

“O, istənilən siyasətçinin mövqeyində qalmasına imkan verməyəcək şeylərlə üzləşib və yerində qalıb”, – Yerevanda fəaliyyət göstərən təhlilçi və mərkəzçi “Vətəndaş sazişi” partiyasından keçmiş millət vəkili Mikayel Zolyan deyir.

Bunların arasında üç il öncə Ermənistanın İkinci Qarabağ müharibəsində Azərbaycana yenilməsini, ardınca Paşinyanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımasını və, nəhayət, ötən ay Azərbaycan ordusunun Dağlıq Qarabağı tam olaraq hərbi yolla geri almasını sadalamaq olar. Hamısı böyük olaylardır.

“Paşinyan hakimiyyətdə qalsa da… mövqeyi xeyli zəifləyib”

“Bunlardan hər hansı biri onun devrilməsi ilə nəticələnməli idi”, – yenə Zolyanın sözləridir. Ancaq nəticələnməyib. Ötən ay Azərbaycanın hücumu zamanı bir neçə min adamın Yerevanın mərkəzi meydanına toplaşıb hökumət əleyhinə etirazı da elə uzun çəkmədi. İndi həmin meydanda ailələr sakitcə gəzib-dolaşır. Fəvvarələr də öz işindədir.

Jurnalist Coşua Kuçera yazır ki, Paşinyan hakimiyyətdə qalsa da, 2018-ci ildən bəri mövqeyi xeyli zəifləyib. O zaman Paşinyan keçmiş avtokratik rejimə qarşı kütləvi küçə etirazlarına – “Məxməri inqilab” kimi tanınan hərəkata başçılıq edirdi. Yeni, demokratik Ermənistanla bağlı xəyallar Paşinyanı istər vətənində, istərsə dünyada populyarlaşdırmışdı. 2018-ci ildə “The Economist” jurnalı Ermənistanı “ilin ölkəsi” elan etmişdi.

Ancaq zaman ötdükcə Paşinyanın ulduzu sönməyə başlayıb. O, məhkəmələri hökumətə loyal hakimlərlə doldurur, eləcə də tənqidçilərinə sözlü hücum etməklə bəlli avtoritar meyllər nümayiş etdirir. 2020-cil il savaşı və ardınca baş verənlər 2018-ci ilin xəyallarını öldürdü. Müxalifət 2020-ci ildən bəri Qarabağla bağlı bir neçə etiraz hərəkatına başlamaq istəsə də, bu cəhdlərin hamısı uğursuz alındı.

Azadlıq radiosu