Ukraynadakı savaş yeni mərhələyə keçir

Rusiyanın Ukraynaya qarşı apardığı müharibə artıq 20-ci ayındadır. İkinci qışına girməkdə olan müharibədə tərəflərdən hansının üstün olduğu hələ də bilinmir.

Bir ildən çoxdur ki, Ukrayna rəsmiləri ABŞ-dan yüksək dəqiqlikli, uzunmənzilli ATACMS raket sistemlərini istəyir. Biri 1.5 milyon dollara başa gələn ATACMS sistemləri raketləri 514 kilometrlik məsafəyədək atmağa qadirdir. Deməli, Ukrayna Rusiyanın içərilərinə zərbə endirmək imkanı qazana bilər.

Ancaq ABŞ rəsmiləri Rusiyanın bunu təhdid kimi qəbul edəcəyindən ehtiyatlanaraq ATACMS sistemlərini Ukraynaya vermirdi.

ATACMS-ın Ukraynaya çatdırıldığı rəsmi təsdiqlənməyib

Avqustun sonlarında Ağ Evin, nəhayət, bu raketləri Ukraynaya vermək barədə qərarı təsdiqləməsi haqda xəbərlər yayıldı. Ancaq nə Ağ Ev, nə də Pentaqon raketlərin Ukraynaya çatdırıldığını təsdiqlədi.

Oktyabrın 17-də gecəyarıdan da sonra Berdyansk şəhəri yaxınlığında partlayışlar baş verdi və Rusiyanın ərazidəki helikopterlərinin vurulduğu iddia edildi. Hələlik, neçə helikopterin vurulduğu bilinməsə də, hücumun özü haqda bilgiləri sonradan Rusiya bloqerləri yaydı. Ukrayna rəsmiləri isə öz açıqlamalarında doqquz Rusiya helikopterinin məhv edildiyini və ya yararsız hala salındığını bildirdi. Rusiyanın Müdafiə Nazirliyi hücum barədə heç bir açıqlama verməyib.

Azadlıq radiosu